“Ermənistan baş nazirinin göstərişlərə bu qədər həlim şəkildə əməl etməsi onun nə qədər qorxaq olduğunu göstərir”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat dərc edib: “Qərbli həmkarları martın əvvəlində Almaniyaya səfər etmiş Nikol Paşinyana bir sıra göstərişlər veriblər. Tapşırıqlar arasında Rusiyaya “paralel ixrac” və “bank köçürmələri” kanallarını bağlamaq yer alıb. Eyni zamanda Paşinyana Rusiyaya Qərbin iqtisadi sanksiyalarından yayınmaq üçün kömək etməmək göstərişi verilib. Mənbələrimizin əldə etdiyi məlumata görə, Qərbin bu xəbərdarlığı Paşinyanı əməlli-başlı təşvişə salıb. Baş nazir Ermənistana qayıdar-qayıtmaz Mərkəzi Bankın sədrini, hökumət üzvlərini və Dövlət Gəlirləri Komitəsinin rəhbərini yanına çağıraraq bu kanalların bağlanması barədə göstəriş verib”.
Erməni nəşri iddia edir ki, Paşinyanın bu göstərişindən sonra ölkədə iqtisadi vəziyyət daha da ağırlaşıb: “Sürətli ticarət dövriyyəsi aşağı düşdü. Rusiyanın müəyyən mallara olan tələbatını ödəməklə gəlir əldə edən bütün erməni şirkətləri dərhal hər şeylərini itirdilər. Bizə dedilər ki, hətta hava limanında belə ciddi nəzarət var. Sərnişinlərin çipləri və İT texnologiyaları üçün lazım olan əşyaları baqajlarında Rusiyaya aparmaması üçün tədbirlər görülür. Bir çox şirkət mal almaq üçün ABŞ və Avropaya bank köçürmələri edə bilmir. İş adamları təəccüblənirlər və Paşinyanın bu qədər qorxaq olduğunu gözləmədiklərini deyirlər. Baş nazir nə qədər qorxaqdır ki, çıxış yolu tapmaq əvəzinə, qərbli həmkarlarının göstərişlərinə bu qədər tez əməl edir. Xüsusən, indiki durumda ölkəyə milyardların axını olmayacaq və iş adamları çox əziyyət çəkəcək”, – deyə qəzet məqaləni bitirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az