Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı müzakirələr davam edir. İki ölkə arasında münasibətlərin artıq sadəcə dostluq və qardaşlıq ritorikası ilə məhdudlaşmadığı, siyasi, iqtisadi və strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyduğu bir daha nümayiş olundu.
Daşkənddə keçirilən görüşlər və əldə olunan razılaşmalar fonunda indi daha böyük bir sual gündəmə gəlir: Azərbaycan üçün Özbəkistanın timsalında yeni bir Türkiyə modeli formalaşır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Azərbaycan-Özbəkistan münasibətləri tarixən xalqlararası dostluq və qardaşlıq xarakterinə sahib olub:
“Müstəqillik dövründə isə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri strateji mahiyyət qazanmağa başlayıb. Xüsusilə 2022-ci ildən bəri diqqətəlayiq hadisələr yaşanmaqdadır: Qazaxıstanla müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Qırğızıstanla və Özbəkistanla münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması qeyd oluna bilər. Cənab Prezidentin ən son Özbəkistan səfəri isə münasibətlərin siyasi dildə də “Əbədi dostluq” adlandırılmasına səbəb olan tarixi müqavilənin imzalanması ilə nəticələndi. Başqa sözlə, Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə münasibətdə dilə gətirdiyi “1 millət 2 dövlət” tezisi cənab Prezident İlham Əliyevin yeni regional siyasəti çərçivəsində genişlənərək Mərkəzi Asiyanın Türk dövlətlərini də əhatə edəcək qədər dərin anlam qazanmaqdadır.
Müttəfiqlik münasibəti xarici təhdid qarşısında qarşılıqlı müdafiəni, iqtisadi inteqrasiyanı, mədəni-siyasi birliyi tərənnüm edən anlayışdır. Aydındır ki, Azərbaycan üçün bu mənada unikal olan Türkiyə modeli indi daha geniş – Türk Birliyi çərçivəsində realizə olunmağa başlanır. Bu, həm dünyanın enerji və nəqliyyat-logistika marşrutlarının təhlükəsizliyi baxımından Orta Dəhlizə artan ehtiyac fonunda təbii olaraq Azərbaycan və Mərkəzi Asiyanı vahid geosiyasi regiona çevirir, həm də türk kimliyi və dövlətlərinin ortaq milli iradəsi əsasında vahid məkanın formalaşmasını sürətləndirir. Beləliklə, Azərbaycan Özbəkistanın timsalında bütün Türk Dünyasını özünün yeni müttəfiqləri, əbədi dostları olaraq dünyaya bəyan edir. Bu, dünya üçün tamamilə yeni regional əməkdaşlıq modeli və müvafiq reallığın ərsəyə gəlməsi deməkdir”.
