“İlham Əliyev bu iddiaların üzərindən birdəfəlik xətt çəkmiş oldu”backend

"İlham Əliyev bu iddiaların üzərindən birdəfəlik xətt çəkmiş oldu"

İlham Əliyevdən müstəqilliyimizin əleyhinə olan …pərəstlərə və işğalçı Ermənistana sərt cavab

Həftənin ən maraqlı və yadda qalan hadisələrindən biri sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyalarının təməlqoyma mərasimindən sonra İlham Əliyevin ölkə tv-lərinə verdiyi müsahibə oldu.

Müsahibədə səslənən fikirlər İlham Əliyevin dövlət və milli maraqlar məsələsində necə qətiyyətli siyasi iradəyə malik olduğunu, müstəqillik məfhumunun Azərbaycan xalqı və hakimiyyəti üçün çox böyük dəyər kəsb etdiyini bir daha aydın göstərdi.

Müstəqilliyin üstünlüklərindən danışarkən dövlət başçısının səsləndirdiyi bir fikir çox qürurverici məqamdır: “Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, bizim müstəqilliyimiz də o qədər möhkəm olacaq”. Bu fikir hər bir azadlıqsevər vətəndaşımızın ürəyindən xəbər verdi, hakimiyyətin “antimilli” olduğunu iddia edənlərə tutarlı cavab oldu. Belə mövqe ölkəmizin müstəqilliyini de-yure görməyi arzulayan Cümhuriyyət liderlərinin, 1991-ci ildə bərpa olunmuş müstəqilliyimizin dönməzliyinin təmin olunması yolunda misilsiz və müstəsna xidmətlər göstərmiş görkəmli dövlət xadimi Heydər Əliyevin, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla canlarından keçən şəhidlərimizin ruhunu şad etmək, Mübariz İbrahimov, Polad Həşimov, Raqif Orucov kimi onlarca cəsur igidimizin unudulmayacaqları deməkdir.

Ən əsası isə, guya Azərbaycanın maraqlarını güdərək Qarabağın açarının Ermənistanın havadarı olan Rusiyada olduğunu iddia edənlərə, sərhədlərimizin qorunmasının rus əsgərlərinə həvalə edilməsi, neft-qaz kəmərlərimizin gəlirlərini Moskva ilə bölüşülməsi kimi cəfəng bəyanatlar səsləndirən qüvvələrə (dəhşətdir ki, belələrinin arasında bəzi deputatlar və media nümayəndələri də var) vurulmuş sərt şapalaqdır. Prezidentin belə qüvvələri “xəyanətkar” adlandırması, yəqin ki, onlara birdəfəlik görk olacaq.

Onsuz da hakimiyyət Qarabağla bağlı qətiyyətli mövqeyini Aprel və Tovuz savaşları zamanı sözdə deyil, əməldə sübut edib. Bu günlərdə isə Azərbaycanın və Türkiyənin əzəli düşməni olan Ermənistana və onun havadarı olan Rusiyaya tutarlı cavabların verilməsi, hətta səmamızın Rusiyanın hərbi təyyarələrinə qapadılması kimi cürətli addım Prezidentin, Ali Baş Komandanın, hakimiyyətin siyasi iradəsini, ordunun hərbi gücünü nümayiş etdirməkdədir.

Azərbaycanın 100 il əvvəlki keçmişini, neft amilinin oynadığı rolu, ermənilərin ölkəmizə qarşı apardıqları məkrli və xəyanətkar siyasəti, Mikoyan kimi ermənilərin təmsil olunduqları sovet hakimiyyəti dönəmində Azərbaycanın igid övladlarının adlarının hərb tarixindən silinməsi faktlarını, müstəqilliyin dövlətimizə qazandırdığı üstünlükləri obyektiv şəkildə qiymətləndirməklə İlham Əliyev cümhuriyyətimizin dövlət və milli mənafelərinin vazkeçilməz dəyərlər olduğuna bir daha diqqəti cəlb edib.

Onun çirkin siyasət yürüdən işğalçı və təcavüzkar Ermənistana “əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”“Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq” xəbərdarlıqlarının boş yerə verilmədiyinə, onların ciddiliyinə bütün cəmiyyətimiz əmindir.

Ermənistanın baş naziri Nikol Paşinyanın məsuliyyətsiz bəyanatları və yolverilməz hərəkətləri üzündən bu işğalçı ölkə ilə danışıqların dayandırıldığı barədə Prezidentin xalqımıza məlumat verməsi olduqca təqdirəlayiqdir. Bu, həm xalqımızın gerçək durumu bilməsinə, həm də ruspərəst və daha hansısa …pərəst antimilli qüvvələrin “5 rayon qaytarılır, yox-yox 2 rayon qaytarılır” kimi uydurmalarının və şaiyələrinin qarşısının alınmasına xidmət edir.

Prezident İlham Əliyevin “Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik” cavabı, “…bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır” və “Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq” xəbərdarlıqları təkcə yerli ictimaiyyətə deyil, ermənilərin havadarlarına və bütün beynəlxalq təşkilatlara ünvanlanıb. Bununla, dövlət başçısı ərazi bütövlüyümüz məsələsində hər hansı güzəştə gediləcəyi, müxalifətin “bu hakimiyyəti Qarabağ maraqlandrmır” barədə iddiaları üzərindən də birdəfəlik xətt çəkmiş oldu.

Və nəhayət, Prezidentin “bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur – əgər bizə qarşı ciddi təxribat törədilməsə” kimi açıqlaması rəsmi Bakının nəcib davranışından, beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə hörmətindən, qanunlara uyğun hərəkətindən, sülhpərvərliyindən, bölgədə barışın hökm sürməsində maraqlı olduğundan xəbər verir.

Onun Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” kimi açıqlaması xalqımızın ədalətli və haqlı mövqeyinin təcəssümüdür və torpaqlarımızın geri qaytarılacağına inam və əminlik yaradır.

İlham Əliyevin qardaş Türkiyəmizlə bağlı ermənilərin sərsəm iddialarını da rədd etməsi “bir millət, iki dövlət” prinsipinə Azərbaycanın necə sadiq olduğunu göstərən amildir. Ermənistanı regional sabitlik üçün təhdid adlandıran dövlət başçısı rəsmi Yerevanın Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsini, bu məqamın işğalçı dövlətin konstitusiyasında öz əksini tapdığını, Sevr müqaviləsini canlandırmaq istədiyini xatırladıb.

Azərbaycan Prezidentinin “Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ulu öndər Heydər Əliyev demişkən, “bir millət, iki dövlət” prinsipi əsasında, bütün məsələlərdə bir yerdəyik. Hər bir məsələdə bir-birimizin yanındayıq” bəyanatı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri – Anadolu agentliyi, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Takvim” və digər qəzetlərin saytları geniş şəkildə işıqlandırıb.

Bir sözlə, Prezident İlham Əliyevin dövlət müstəqilliyimizin, Azərbaycanın və Türkiyənin milli mənafelərinin və maraqlarının qorunması yolunda belə cəsarətli mövqe tutması yalnız alqışlara layiqdr.

Təşəkkürlər, cənab Prezident!

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*