Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaqbackend

Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq

Azərbaycanda ət, yumurta və kərə yağının qiymətində müşahidə olunan artım istehlakçıların xərclərini artırmaqla yanaşı, qarşıdakı aylarda bazardakı vəziyyətlə bağlı narahatlıqları da gücləndirir. Yem təminatında yaranan problemlər, otlaq sahələrinin çatışmazlığı, yerli istehsalın zəifləməsi və idxaldan asılılıq qiymətlərə təsir göstərən əsas amillər sırasındadır.

Bəs mövcud vəziyyətin səbəbləri nədir və qış aylarında ərzaq məhsullarının qiyməti daha da yüksələcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda strateji kənd təsərrüfatı məhsullarının bahalaşması qarşıdakı aylarda da davam edə bilər.

Razi Abbasbəyli: “Neft ixracında azalma tendensiyası 2030-cu ildə pik həddə  çatacaq” – ÖZƏL

“Qiymət artımının əsas səbəblərindən biri əlverişsiz hava şəraiti nəticəsində yem tədarükündə yaranan çətinliklərdir. Bu vəziyyət həm maldarlıq, həm də quşçuluq təsərrüfatlarının fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə qış aylarında heyvanların və quşların bəslənməsi üçün tələb olunan yemin kifayət qədər olmaması istehsal xərclərini artırır”.

İqtisadçı qeyd edib ki, yem təminatındakı problemlər təsərrüfatların kiçilməsinə və daxili bazara çıxarılan məhsulun azalmasına səbəb ola bilər. Nəticədə təklifin zəifləməsi qiymətlərin yüksəlməsini sürətləndirəcək.

“İqlim dəyişiklikləri son illərdə həm iri və xırdabuynuzlu heyvandarlıq, həm də quşçuluq təsərrüfatları üçün ciddi çətinliklər yaradıb. Bu sahələrdə müşahidə olunan geriləmə və təsərrüfatların sayının azalması daxili bazarın məhsulla təminatına da təsirsiz ötüşmür.

Bahalaşmaya təsir göstərən digər mühüm amil isə otlaq sahələrinin çatışmazlığıdır. Otlaq imkanlarının məhdudluğu heyvandarlığın inkişafına mane olur. Yerli istehsalın daxili tələbatı ödəməkdə çətinlik çəkməsi isə Azərbaycanın xarici bazarlardan asılılığını artırır”.

Onun sözlərinə görə, qış aylarında yerli məhsul tədarükünün çətinləşməsi idxaldan asılılığı daha da gücləndirə bilər.  Xaricdən gətirilən məhsulların qiymətindəki artım da daxili bazarda özünü göstərir. Beləliklə, yerli istehsalın zəifliyi və idxal xərclərinin yüksəlməsi istehlak qiymətlərinə əlavə təzyiq yaradır.

İqtisadçı qarşıdakı aylarda bahalaşmanın davam edəcəyini proqnozlaşdırır. O, hesab edir ki, noyabr, dekabr və yanvar aylarında ət, yumurta və kərə yağının qiymətində əlavə artım qeydə alına bilər. Bunun əsas səbəbi qış mövsümündə yem təminatı və məhsul tədarükü ilə bağlı çətinliklərin daha da dərinləşməsi ehtimalıdır.

“Qiymət artımının qarşısını almaq və yerli istehsalı dəstəkləmək üçün hökumət tərəfindən vaxtında tədbirlər görülməli idi. Onun fikrincə, xaricdən idxal olunan yem və baytarlıq məhsullarına tətbiq edilən vergi və rüsumların azaldılması, subsidiyaların artırılması və ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi kənd təsərrüfatı istehsalçılarına dəstək verə bilərdi”.

İqtisadçı əlavə edib ki, kənd təsərrüfatı subyektlərinin fəaliyyətindəki geriləmənin qarşısının alınması daxili bazara məhsul təklifini artırmaqla qiymətlərin müəyyən qədər sabitləşməsinə şərait yaradardı. Lakin onun qənaətinə görə, hökumətin mövcud vəziyyətə uyğun olaraq bu istiqamətdə zəruri addımlar atdığı müşahidə olunmur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*