ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna nümayəndə heyətindən Rusiya neft emalı zavodlarına endirilən zərbələrin dərhal dayandırılmasını tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb .
Nəşrin məlumatına görə, insident oktyabrın 9-da Mayamidə keçirilən qapalı məsləhətləşmələr zamanı baş verib.
Müzakirələr zamanı ABŞ təmsilçisinin tonu Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanovun kəskin narazılığına səbəb olub. Budanov amerikalı nümayəndənin onunla yuxarı tonda danışdığını və Ukrayna tərəfinə “pul qazanmağı” öyrətməyə çalışdığını hesab edib.
“Le Monde” yazır ki, Uitkoff Kiyevə hərbi əməliyyatlar başa çatdıqdan sonra “regional rifah” adlandırılan plan təqdim edib. Ukrayna, Avropa ölkələri və Rusiyanı əhatə edən bu təşəbbüs Rusiya neft və qazının Ukraynanın qaz nəqli sistemi və neft kəmərləri vasitəsilə Avropa bazarına nəqlinin tam bərpa olunmasını nəzərdə tutur.
ABŞ tərəfinin hesablamalarına görə, bu model Kiyevə böyük tranzit gəlirləri qazandırmalı, Avropanı isə daha ucuz enerji daşıyıcıları ilə təmin etməli idi.
Lakin Ukrayna nümayəndə heyəti bu təklifləri kəskin etirazla qarşılayıb.
Budanovun “Bizim hədəfimiz Belarus yox, Polşadır!” reaksiyasından sonra danışıqlar fasilə verib.
Kiyevlə təcili telefon əlaqəsi saxlayan Budanova Prezident Volodimir Zelenski görüşü davam etdirməyi və gərginliyi büruzə verməməyi tövsiyə edib.
Məsləhətləşmələr bərpa olunduqdan sonra tərəflərə ABŞ və Rusiya arasında hazırlanan “dizel sövdələşməsi”nin şərtlərini əks etdirən sənəd təqdim edilib.
Sənədin təqdimatı zamanı Uitkoff emosional şəkildə Ukrayna nümayəndələrinə müraciət edərək deyib: “Bu dizel sövdələşməsi ilə razılaşın və Rusiya zavodlarına zərbələri dayandırın. Çünki siz dünyanı təhlükəyə atırsınız”
Müşviq Tofiqoğlu
KONKRET.az
