Azərbaycan dövlətçilik tarixinin zəngin ənənələri var. Min illərə söykənən bu ənənə müasir dövrümüzə qədər gəlib çatıb. Ayrı-ayrı vaxtlarda mövcud olan Azərbaycan dövlətlərinin ictimai-siyasi həyatında baş verən yeniliklər, dəyişikliklər xalqımızın milli kimliyinin formalaşmasında xüsusi rol oynayıb. Xarici təcavüzlərə qarşı birləşən Azərbaycan xalqının əzmi, iradəsi daim möhkəm olub və qəsbkarların işğalçı orduları Azərbaycan ərazilərində darmadağın edilib.
Azərbaycanda dövlətçiliyin başlanğıc tarixi hesab edilən eramızdan əvvəl 590-cı ildən üzü bəri dəfələrlə dövlətçiliyimizə qarşı təcavüzlər edilib. Məhz həmin dövrdə əsası qoyulan Manna ilk türk dövlətidir. Manna həm də ilk mərkəzləşdirilmiş dövlət hesab edilir və azərbaycanlıların da dövlətçilik tarixi məhz Mannayla başlayır.Tarixin sonrakı dönəmlərində yerini digər türk dövlətinə verən qədim Mannanın dövlətçilik ənənələri zaman-zaman qorunub-saxlanılıb. Yeni dəyərlər meydana gəlib. Adət-ənənələr nəsildən-nəsilə ötürülüb. Hərbi-siyasi cəhətdən digər qonşu dövlətlərdən geri qalmayan Azərbaycan dövlətləri sonrakı dönəmlərdə Atropatena və Albaniya kimi tarixi torpaqlarda yerləşirdi. Dövlətin etnik tərkibi əsasən türklərdən ibarət idi və yerli əhali oturaq həyat keçirir, əkin-biçinlə məşğul olurdu.
Albaniya dövlətinin sərhədləri şimalda Dərbənddən başlayaraq, cənubda Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Alazan çayının yuxarılarından başlayaraq, şərqə doğru Xəzər dənizinədək uzanıb-gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra Bərdə şəhərləri olub. Atropatena dövləti isə indiki İran İslam Respublikasının Azərbaycanla sərhəd şimal əraziləri və Azərbaycan Respublikasının cənub ərazilərini əhatə edirdi. Albaniyaya nisbətdə Atropatena daha tez süqut etdi və Sasanilərin təsiri altına düşdü. Eramızın əvvəllərində 3-cü əsrdə Azərbaycanı Sasanilər, 7-ci əsrdə isə Ərəb xilafəti işğal etdi. Beləcə 9-cu əsrin ortalarında – Xilafət dağıldıqdan sonra Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Bölgədə yayılan islam dini yeni dəyərlərin meydana gəlməsinə səbəb oldu. Adət-ənənə yeni istiqamətdə inkişaf etdirildi. Azərbaycan ərazisində feodal dövlətləri yarandı.
Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri ayrı-ayrı vaxtlarda mövcud olsa da, dövlətçilik tariximizdə bu dövlətlərin hər birinin xüsusi yeri var. Eyni zamanda, Azərbaycanda sənətkarlıq, elm və mədəniyyət də inkişaf etdirilirdi. Bununla belə, Azərbaycan fəlsəfi məktəbinin banisi Əbülhəsən Bəhmənyarın şərq fəlsəfə tarixindəki yaradıcılığı böyük əhəmiyyətə malikdir. Sufizmin görkəmli nəzəriyyəçilərindən Yəhya Şəbüstəri Təbrizi, filosof-şair Nizami Gəncəvi, dəyərli kəşfləri ilə dünya astronomiya elminə töhfələr verən Nəsirəddin Tusi və digər görkəmli şəxsiyyətlər Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayıblar. Azərbaycan memarlıq məktəbinin banilərindən biri Əcəmi ibn Əbubəkr Naxçıvaninin (Memar Əcəmi) yaratdığı memarlıq əsərləri Azərbaycan tarixinin maddi irs siyahısındadır. Beşminillik Azərbaycan tarixini mərhələ-mərhələ vərəqlədikcə, xalqımızın min illər ərzində əldə etdiyi dəyərlərin asanlıqla qazanılmadığının şahidi oluruq. Dəfələrlə ölkəmizin məruz qaldığı qanlı təcavüzlər, mərhumiyyətlər, ağrılar, acılar xalqımızın mənəvi ruhuna toxunmayıb. Xalqımız dövlətçilik başda olmaqla, milli dəyərlərini, adət-ənənlərini də qoruyub-saxlayıb.
14-15-ci əsrlər Azərbaycan tarixinin və mədəniyyətinin yeni inkişaf dövrü hesab edilir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu dövr həm də yeni intriqalarla tarixdə iz buraxıb. Həmin dövrdə yeni fəlsəfi cərəyanlar yaranırdı və onların ən öndə gedəni hürufilik idi. Bu, həmin dövr idi ki, Azərbaycan yeni işğalla üz-üzəydi. Təbriz, Marağa, Şirvan Teymur ordusunun tapdağı altındaydı. Amma hər cür məhrumiyyətlərə baxmayaraq, fikir və söz adamlarımız susmur, öz daxili azadlıqlarından irəli gələn yeni ideyaları təbliğ edirdilər. Filosof Nəiminin yeni fəlsəfi cərəyanı, filosof-şair Nəsiminin bu cərəyandan güc alan ilahi istedadı xalqımızın yüksək amallarla yaşayıb inkişaf etməsinin bariz göstəricisi idi.
16-cı əsrin əvvəllərində ərdəbilli Şeyx Cüneydin nəvəsi İsmayıl Heydər oğlu (Şah İsmayl Xətai) yeni dövlətin təməlini qoydu.1500-cü ildə qurulan dövlət Səfəvi adlandırıldı. Səfəvilərin Azərbaycan dövlətçiliyi tarixində mühüm rolu var. Məhz Şah İsmayılın rəhbərliyi altında Səfəvi dövləti öz nüfuz dairəsini genişləndirdi və dövlətin hərbi-siyasi qüdrəti artdı.
Son 100 il isə Azərbaycan dövlətçilik tarixində yeni mərhələ hesab edilir. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müsəlman şərqində ilk demokratik respublikanın qurulduğu Azərbaycanda yeni dünyəvi dövlət yarandı. Yeni ideyaları özündə birləşdirən Azərbaycan 1920-ci ilin aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğal olunandan 1991-ci ilə kimi Sovet İttifaqının tərkibində olub. Otuz iki il əvvəl ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdi və Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələ başladı. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzəydi. Amma dahi siyasətçi bütün çətinliklərə baxmayaraq, dövlətçiliyimizi bərpa etdi və Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.
Bəşəri dəyərləri özündə ehtiva edən Azərbaycan dövlətçiliyi bu gün də inamlı əllərdədir. Prezident İlham Əliyev ümummilli liderin siyasətini layiqincə davam etdirir. Azərbaycan indi dünyada öz imzası, öz dəst-xətti olan dövlətlər sırasındadır. İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq. Məhz Cənab Prezidentin çoxşaxəli siyasəti nəticəsində 30 illik işğala son qoyuldu, Azərbaycan itirilmiş torpaqlarını geri qaytardı, Qarabağ azad edildi. Azərbaycan bayrağı Xankəndidə qaldırıldı. Artıq Qarabağ separatçılardan tam təmizlənib və Azərbaycan öz suveren ərazilərinə nəzarət edir.
2023-cü il Azərbaycanın beşminillik dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq. Məhz yola saldığımız ildə Azərbaycan erməni faşizminin kökünü ərazilərimizdən birdəfəlik kəsdi. Və hazırda soydaşlarımızın doğma yurd-yuvalarına qayıdış konsepsiyası uğurla davam etdirilir.
Vəli Həsənov,
KONKRET.az
P.S.Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

