Azərbaycanın əldə etdiyi qələbədən sonra növbəti hədəf böyük qayıdışdır. Otuz il ərzində darmadağın edilən ərazilərimizin qurulması, yeni infrastrukturun yaradılması üçün işlər sürətlə gedir. İşğal dövründə bütün şəhər və kəndləri dağıdan mənfur düşmən bununla da Qarabağ və Şərqi Zəngəzur ərazisindən azərbaycanlıların izlərini itirmək niyyətində olub. Amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə erməni faşizminnin planını alt-üst etdi.
Müharibədən dərhal sonra azad olunan ərazilərə həyat qayıtdı. Tikinti-quruculuq işlərinə start verildi və əvvəlcə dağıdılan infrastrukturun bərpasına başlanıldı.
Bununla da 30 il öz doğmalarının yolunu gözləyən, uzun müddət düşmən tapdağı altında inləyən dogma torpaqlarımız həsrətində olduğu insanları qoynuna almaq üçün sanki dirçəldi.
Vətən, yurd nisgili ilə dünyasını dəyişən minlərlə insanın ruhunun dolaşdığı qədim yurd yerlərimiz indi abadlaşır. Təsdiq edilən baş plana uyğun olaraq yeni şəhərlər salınır. Kəndlər yenidən tikilir. Artıq Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış başlayıb. Doğma yurda ilk qayıdanlar Zəngilanın Ağalı kəndinin sakinləri oldu. Yenidən qurulan, ağıllı kənd konsepsiyasına uyğun tikilən Ağalı kəndi bir əvvəl həsrətində olduğu doğmalarını qəbul etdi. İndi Ağalıda həyat qaynayır.Bütün infrastruktur layihələrinin işlənib hazırlandığı Ağalıda sosial obyektlər sakinlərin ixtiyarına verilib. Hazırda kənddə uşaq bağçası, məktəb, mədəniyyət mərkəzi, poçt və kitabxana sakinlərin istifadəsindədir. İnsanlar işlə təmin edilib. Təsərrüfat sahələri yaradılıb.
Bu ənənə işğaldan azad olunan digər şəhər və kəndlərimizdə də davam edir. İndi Laçın və Kəlbəcər dağları yenidən çoban tütəyinin həzin səsinə oyanır. Azərbaycanın dilbər guşələri mal-heyvan sürüləri, arı ailələrinin məskəninə çevrililib. Öz dədə-baba yurdlarına həsrət qalan sakinlər yay aylarında təsərrüfatlarını Laçın və Kəlbəcər dağlarına çıxarırlar.
Qayıdış isə davam edir. İşğaldan azad edilən Laçın şəhəri və ətraf kəndlərdə də abadlıq işləri yeni vüsət alıb. Ötən il avqustun 25-də sonuncu erməninin tərk etdiyi Laçın şəhəri indi müasir Avropa şəhərini xatırladır. Aparılan abadlıq işləri davam edir və artıq Laçın öz doğmalarını qoynuna alıb. Bir neçə gün əvvəl Laçına növbəti köç karvanı yola salınıb. Qədim yurd yerlərimizdən olan Laçın müasirləşir və otuz il işğal altında qalan şəhərdə abadlıq-quruculuq işləri davam etdirilir.
Rayonun Zabux kəndində də quruculuq davam etdirilir və həmin kəndin də sakinləri yaxınlarda öz dogma ocaqlarına qayıdacaqlar.
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumununda jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev qayıdışla bağlı nikbinliyini ifadə edib:
“Biz 30-dan çox şəhər və kəndin Baş planını təsdiqlədik, bir çox kəndlərin təməli də qoyuldu və artıq bu rəqəmlər səsləndirilib. Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik. Çünki layihələndirmə, tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun və bu da vaxt aparır. Əminəm ki, keçmiş köçkünlər bunu anlayışla qarşılayırlar. Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Ümid edirəm ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. İndi siz də yəqin ki, bu gün hələ vaxtınız olmayıb, ya axşam, ya sabah gəzəcəksiniz, görəcəksiniz ki, bir neçə yerdə artıq inşaat layihələrinin, yəni, yaşayış binalarının tikintisi gedir”.
Beləliklə, Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri davam edir. Həyata keçirilən hər bir layihə, görülən hər bir iş planlı şəkildə aparılır.
Eyni zamanda bu gün Qərbi Azərbaycana qayıdış mövzusu da aktualdır. 35 il əvvəl Qərbi Azərbaycandan zorla qovulan iki yüz əlli min azərbaycanlı öz dədə-baba yurdlarına qayıtmaq və orada təhlükəsiz yaşamaq üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Həmin insanların hüquqlarını müdafiə edən “Qərbi Azərbaycan İcması” bununla bağlı xeyli iş görüb.
Bununla da Azərbaycanın bütün istiqamətlərdə göstərdiyi qətiyyət böyük qayıdışla nəticələnək. Həm Qarabağ və Şərqi Zəngəzur, həm də Qərbi Azərbaycana böyük qayıdış yaxın vaxtlarda başa çatacaq.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusuna uyğun olaraq dərc edilir.

