İranın ABŞ-nin istifadə etdiyi Britaniya hərbi bazalarını “qanuni hədəf” hesab etdiyini bəyan etməsindən sonra Böyük Britaniya hökuməti ölkənin özünü müdafiə etmək üçün sutkanın 24 saatı hazır vəziyyətdə olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, Böyük Britaniya ABŞ-yə öz ərazisində yerləşən və Amerika hərbçiləri ilə təyyarələrinin istifadə etdiyi bazalardan müdafiə xarakterli əməliyyatlar aparmağa icazə versə də, İrana qarşı birbaşa hücum əməliyyatlarında iştirak etməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanı ABŞ-nin müharibəsində “cinayət ortağı” adlandırıb. İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-yə hərbi dəstək göstərən istənilən ölkənin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib.
Britaniya hökumətinin sözçüsü bildirib:
“Silahlı Qüvvələrimiz istər ölkə daxilindən, istərsə də xaricdən gələn hər hansı hücuma qarşı Böyük Britaniyanı qorumağa tam hazırdır. Böyük Britaniya günün 24 saatı özünü müdafiə etməyə hazırdır.”
Sözçünün sözlərinə görə, Böyük Britaniya NATO müttəfiqləri ilə sıx əməkdaşlıq edir və hava-raket müdafiəsini mərhələli şəkildə gücləndirir. Hökumət həmçinin vurğulayıb ki, ölkənin mövqeyi dəyişməyib: beynəlxalq hüquqa riayət etməklə, daha geniş münaqişəyə cəlb olunmadan öz xalqını, milli maraqlarını və müttəfiqlərini qorumaqda qərarlıdır.
Ağagül Mürsəlov,
KONKRET.az
