Ekoloji təhlükəsizliyin, eləcə də tarazlığın təmin edilməsi üçün ətraf mühitin mühafizəsi xüsusilə diqqət mərkəzində olmalıdır. Unutmaq lazım deyil ki, ekoloji şərait məhz insan cəmiyyətinə, yer üzünün bütün insanlarına, eləcə də fauna və floraya, ümumilikdə, planetimizə öz təsirini göstərməkdədir və heç də təsirsiz ötüşmür. Elə buna görə də ekologiyanın və ətraf mühitin mühafizəsi bəşəriyyətin ən aktual məsələlərindən hesab olunur.
Heç şübhəsiz ki, insan cəmiyyəti inkişaf etdikcə, insanların sayı artdıqca, ətraf mühitə olan təsirlər də artır. Çünki insanların sayı artdıqca, tələbat böyüdükcə, təbii sərvətlərin istismarı da artır və bu səbəbdən də tullantıların həcminin artması məsələsi də ortaya çıxır. Bu şəkildə artım və həmin artımın qarşısının alınmaması isə ətraf mühitin getdikcə daha artıq dərəcədə çirklənməsinə gətirib çıxara bilər. Məhz bunun, bu artımın qarşısının alınması artıq bütün dünyanı düşündürməyə bilməz. Ona görə ki, tullantıların həcminin durmadan artması ilk növbədə, ətraf mühitin çirklənmə səviyyəsinin də artmasına səbəb olur və bu da ümumilikdə, insan cəmiyyətinə, onun yaşayışına, sağlamlığına mənfi təsirlərin daha da artması deməkdir və bu məsələnin diqqətdə saxlanılması ən aktual məsələ olaraq bütün dünyanın diqqətindən elə buna görə yayınmır.
Sözsüz ki, təbii ehtiyatlardan rasional istifadə indi ümumbəşəri məsələ olaraq qəbul edilir və bu heç də təsadüfi, yaxud səbəbsiz deyil. İlk növbədə nəzərə almaq lazımdır ki, təbii sərvətlərdən lazımi şəkildə, rasional istifadə edilməsi ekoloji tarazlığın qorunub saxlanması baxımından qaçılmazdır. Hər şeydən əvvəl, su, torpaq və atmosfer havası çirklənmədən mühafizə edilməlidir, daha çox qorunmalıdır və məhz bunun üçün də təbii sərvətlərdən lazımi şəkildə istifadə edilməlidir. Məhz bu məsələlərə bütün bəşəriyyətin daha həssas yanaşması, bunun daha aktual məsələlərdən hesab edilməsi başadüşüləndir. Ona görə ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, çirklənmənin minimuma endirilməsi bütün bəşəriyyətin qarşılaşa biləcəyi arzuolunmaz halların qarşısının alınması üçün vacibdir.
Heç kim üçün sirr deyil ki, Azərbaycan neft hasil edən və ixrac edən ölkədir və insanların ictimai həyatında əvəzolunmaz yer tutan, insanların gündəlik həyatlarının bir çox sahələrində istifadə edilən həmin neft məhsullarının həm hasil edilməsi, həm də istehlakı zamanı səmərəlilik, öncə qeyd olunan rasionallıq nəzərə alınmazsa, xoşagəlməz hallarla qarşılaşma riski artar.
Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, ekologiyanın qorunması təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir.

Cavid Hüseynov
Onun sözlərinə görə, ətraf mühitə dəyən ziyanın qarşısını almaq üçün ilk növbədə ekoloji maarifləndirmə gücləndirilməlidir:
“İqlim dəyişikliklərinin təsirləri artıq bütün dünyada, o cümlədən Azərbaycanda özünü açıq şəkildə göstərir. Havanın temperaturunun artması, quraqlıq dövrlərinin uzanması, su ehtiyatlarının azalması və ekstremal hava hadisələrinin sayının çoxalması ekoloji problemlərin nə qədər ciddi olduğunu göstərir. Bu səbəbdən ətraf mühitin qorunması məsələsinə uzunmüddətli və kompleks yanaşmaq vacibdir.
Yaşıllıq zolaqlarının genişləndirilməsi, meşələrin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, məişət tullantılarının çeşidlənməsi və təkrar emal sisteminin inkişafı ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verə bilər. Bununla yanaşı, sənaye müəssisələrinin ətraf mühitə təsirinə nəzarət daha da gücləndirilməli, atmosferə atılan zərərli tullantıların həcmi minimuma endirilməlidir.
Ekoloji problemlərin həlli yalnız inzibati tədbirlərlə mümkün deyil. Cəmiyyətin ekoloji mədəniyyətinin formalaşdırılması, insanların gündəlik həyatlarında ətraf mühitə həssas yanaşması, suya və enerjiyə qənaət etməsi də böyük əhəmiyyət daşıyır. Hər bir fərdin kiçik görünən davranışları ümumi ekoloji vəziyyətə ciddi təsir göstərə bilər”.
Ekspert vurğulayıb ki, iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq üçün dövlət, özəl sektor və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Onun fikrincə, yalnız birgə və sistemli fəaliyyət nəticəsində sağlam ətraf mühitin qorunması və gələcək nəsillər üçün daha təhlükəsiz ekoloji mühitin təmin edilməsi mümkün olacaq.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

