Yaxın Şərqdə İsrail-HƏMAS müharibəsi səngiməmiş digər regionlarda yeni münaqişə ocaqları alovlanmağa başlayıb. Bu dəfə İran İraq və Pakistana raket zərbələri endirib. Əvəzində hər iki ölkə Tehrandakı səfirlərini geri çağırıb.
Bu gün dünyanın başının Yaxın Şərqə və Ukraynaya qarışdığı bir vaxtda İranın yeni münaqişınin başlanmasına rəvac verməsi sıradan bir hadisə deyil.
Əslində nə baş verir?
Mövzuyla bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Tural İsmayılov bildirib ki, İran hazırda beynəlxalq münasibətlər sistemində dağıdıcı mövqedə dayanıb:
“Bu siyasət nəticəsində İranın dünyada heç bir ölkəylə normal münasibəti qalmayıb. Bu gün İran Yəməndəki husilər və Livandakı Hizbullah vasitəsi ilə qarışıqlıq yaratmağa davam edir. Yaxın Şərqdəki qarşıdurmada da HƏMAS-ı qızışdıran İrandır. İran Yaxın Şərqdəki gərginlik ocaqlarının sönməsünə imkan verməyən maraqlı tərəf qismində çıxış edir. Bu gün Qərb imperalizmini tənqid edən iran, təəssüflər olsun ki, bəzi bölgələri, o cümlədən Yaxın Şərqi Qərb imperalizminin caynağına atmaqla vəziyyətin daha da gərginləşməsinə səbəb olur. İranın İraq və Pakistana zərbələri bunun örnəyidir. İran yaxşı başa düşür ki, İraqda həyata keçirdiyi əməliyyatlar cavabsız qalmayacaq. Bu, adekvat olaraq ABŞ-nin də İran mövqelərinə qarşı əks-həmlələri ilə nəticələnəcək. Nəticədə İraq cəmiyyəti bu hücumların acısını cəkəcək. Amma biz görürük ki, bu, İranı qətiyyən maraqlandırmır.
Digər tərəfdən, İran bidirir ki, Pakistanda bəluc separatçılarına qarşı əməliyyat keçirir. Amma faktiki bu gün vəziyyət elədir ki, Bəlucistan bölgəsində bəlucların azadlıq mübarizəsini müdafiə edən müəyyən imperalist dairələr, həmçinin elə Bəlucistan ideologiyasını təbliğ edən separatçı terror təşkilatlarının əməllərindən Pakistan dövləti də əziyyət çəkir. Biz tez-tez Pakistan ordusu ilə “Azad Bəlucistan” separatçılığını yayan qüvvələr arasında qarşılıqlı şəkildə atışmaların olduğunu müşahidə etmişik. Pakistan ordusu daim bəluc separatçılığına qarşı antiterror əməliyyatları həyata keçirir. Bu baxımdan İranın Pakistaın icazəsi olmadan onun ərazilərinə hücum həyata keçirilməsi əlbəttə ki, gərginliyə səbəb olur. Faktiki olaraq bu gün İranın Əfqanıstan və Pakistanla münasibətləri də kifayət qədər gərgindir. Əlbəttə, Pakistan-İran gərginliyinin artması yaxşı heç nə vəd etmir. Çünki hər iki dövlətin nüvə ehtiyatları var və hər ikisi bölgə üçün hərbi potensialına görə yüklənmiş ölkələrdir. Burada qarşılıqlı həmlələr yeni münaqişə ocağının yaranmasına səbəb ola bilər. Səfirlərin geri çağırılması müharibə riskini artırır. Nəzərə alsaq ki, İran Azərbycanla həmsərhəd ölkədir və eyni zamanda Pakistan Azərbaycanın strateji müttəfiqlərindəndir, əlbəttə, belə bir qarşıdurma Cənubi Qafqaz regionu üçün arzulanan deyil. Amma istənilən müharibə dünya iqtisadiyyatı üçün yeni risklər formalaşdırır”.
Vəli Həsənov,
KONKRET.az
