Yunanıstanlı gəmiçilik maqnatı Corc Prokopiuya məxsus “Kavomaleas” tankerinin Hörmüz boğazında zərbəyə məruz qaldıqdan sonra İran sularına yön aldığı iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, gəmini idarə edən “Dynacom” şirkəti hazırda tankerin dəqiq yerini müəyyənləşdirməyə çalışır.
Bildirilir ki, bazar günü axşam “Kavomaleas tankeri” Oman sahilləri yaxınlığında, Hörmüz boğazından keçərək Fars körfəzinə doğru hərəkət edərkən iki mərmi ilə vurulub. Nəticədə gəminin mühərrik bölməsində yanğın baş verib və ekipaj üzvləri təxliyə olunublar.
Bir qədər sonra kosmik peyklər “Kavomaleas” tankeri ilə eyni ölçüyə və xarici görünüşə malik gəmini artıq İranın ərazi sularında, Laraq adası yaxınlığında qeydə alıb.
Nəşrin məlumatına əsasən, bu hadisə İranın son günlər Qərbə məxsus ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlar fonunda baş verib. Hücumlar Hörmüz boğazında gəmiçilik fəaliyyətinin yenidən iflic olmasına səbəb olub.
Qeyd edək ki, “Dynacom” şirkəti riskli marşrutlarda fəaliyyət göstərməsi ilə tanınır. Bildirilir ki, ABŞ və İsrailin fevral ayında İrana qarşı hücumlara başlamasından sonra şirkətə məxsus ən azı 10 tanker Hörmüz boğazından keçib.
Müşviq Tofiqoğlu
KONKRET.az
