“İran sırf ideoloji tezislər əsasında xarici düşmən axtarışı ilə məşğuldur” – İLGİNC DETALLARbackend

“İran sırf ideoloji tezislər əsasında xarici düşmən axtarışı ilə məşğuldur” – İLGİNC DETALLAR

İran İnqilab keşikçiləri Korpusuna məxsus “Gizli bülleten” Telegram kanalında İslam Respublikasında əxlaq polisi tərəfindən öldürülən Məhsa Əmini ilə Zəngəzur dəhlizi məsələsinin bir planın tərkib hissəsi olduğu iddia edilib. Yazıda Azərbaycan, Türkiyə və İsrailin İranın şimal-qərbində sərhədlərin dəyişdirilməsi ilə məşğul olduqları da öz əksini tapıb. Bununla da kifayətlənməyən müəlliflər Zəngəzur dəhlizini İran və Ermənistanın nəzarətindən çıxararaq İranın Avropa ilə əlaqəsini kəsməyə çalışdıqları yazılıb.Bəs bu cür iddiaların əsası varmı? İranın belə sərsəm açıqlamalarına birdəfəlik son qoymaq üçün hansı addımları atmalıyıq?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, İrandakı bəzi adamların Azərbaycan və Türkiyə əleyhinə isterikası o qədər güclüdür ki, onlar ölkədə baş verən problemləri həll etmək əvəzinə, Bakı və Ankara əleyhinə çirkin kampaniya aparırılar: “Bütövlükdə İranda ciddi sosial problemlər var. Rəsmi Tehran isə dövləti normal qaydalarla idarə etmək yerinə sırf ideoloji tezislər əsasında xarici düşmən axtarışı ilə məşğuldur. Bu xarici düşmən axtarışı nəticəsində hazırda İranın regionda və dünyada heç kimlə səmimi siyasi əlaqələri və münasibətləri mövcud deyil. Hesab edirəm ki, İranda baş verən problemlərin real səbəblərini aradan qaldırmaq və bu tip hadisələrin kökünü kəsmək əvəzinə növbəti dəfə Türkiyə və Azərbaycan əleyhinə hücum təşkil etmək cəhdləri çox uğursuz addımlardan biridir. Düşünürəm ki, bu iddiaların heç bir əsasının olmadığını İran xalqı da yaxşı başa düşür”.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın iqtisadi gəlirləri daha  da artacaq - Tural İsmayılov - "İki sahil"

Politoloq əlavə edib ki, İran hazırda ölkə daxilindəki problemlərdən başını itirib: “Rəsmi Tehran normal siyasi islahatlar həyata keçirərək ölkədəki demokratik prinsiplərə zidd, insan haqqlarını tapdalayan qərarlardan vaz keçmək yerinə, yenidən ideoloji təbliğatlar apararaq düşmən ölkə axtarmaq çabaları göstərir. İranın bu tip sərsəm açıqlamalarına son qoymaq üçün Azərbaycan ziyalıları, ictimaiyyət nümayəndələri, media fəalları kəskin mövqe sərgiləməlidir. Tehran tərəfindən ölkəmizə qarşı həyata keçirilən informasiya hücumlarına qarşı birmənalı şəkildə mübarizə aparmalıyıq. Ümid edirəm ki, bizim bundan sonrakı fəaliyyət nümunələrimiz İslam Respublikasında ideoloji təbliğatın təsiri altına düşən İran vətəndaşları üçün də bir vasitə olacaq. Ona görə də, sosial media seqmentində İranın yalan və reallığa uyğun olmayan siyasi xəttini və informasiya hücumlarını hamılıqla ifşa etməyi bacarmalıyıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*