İran Hörmüz boğazının açılması ilə bağlı yayılan xəbərləri təkzib edib və ABŞ-la hər hansı razılaşmanın olmadığını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Fars agentliyi İranın danışıqlar qrupundakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı heç bir razılaşma əldə edilməyib və bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
“ABŞ düşmənçilik siyasətini davam etdirdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq”, – deyə İran tərəfi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran və bəzi Yaxın Şərq ölkələrinin müraciətindən sonra Tehrana qarşı planlaşdırılan yeni hərbi əməliyyatı təxirə saldığını açıqlamışdı. O, tərəflər arasında razılaşmanın əsas çərçivələri üzrə irəliləyiş əldə olunduğunu və bunun Hörmüz boğazının yenidən açılmasını da nəzərdə tutduğunu bildirmişdi.
Lakin İranın son açıqlaması göstərir ki, Tehran Vaşinqtonun səsləndirdiyi bu iddiaları qəbul etmir və boğazın açılması üçün hələlik heç bir siyasi razılığın olmadığını bildirir.
Günay Əli
KONKRET.az
