İraq hakimiyyəti Səudiyyə Ərəbistanına edilən son dron hücumlarından sonra İranla sərhəddə yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinin bağlanmasına göstəriş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” iki təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, keçidin bağlanması ehtiyat tədbiri kimi həyata keçirilib. Eyni zamanda, Səudiyyə Ərəbistanına hücumun təşkilində məsul şəxslərin müəyyənləşdirilməsi məqsədilə İraqda genişmiqyaslı əməliyyat başladılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı cümə günü ölkənin mühüm Şərq-Qərb neft kəmərinin dronlarla hücuma məruz qaldığını açıqlayıb. Riyad hücumda istifadə olunan dronların İraq ərazisindən buraxıldığını bildirib.
Şələmçə keçidi İran və İraq arasında mühüm nəqliyyat və ticarət marşrutlarından biridir və İrana məxsus məhsulların, o cümlədən ərzağın İraqa daşınmasında istifadə olunur.
