“İrəvan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Bakı ilə danışıqlar Qərb platformalarında davam etdirilməlidir”.
KONKRET.az xəbər verir ki, bu barədə seputat Sarkis Xandanyan jurnalistlərlə söhbətində bildirib.
“Artıq qurulmuş danışıqlar formatlarını davam etdirmək bizim üçün çox vacibdir. Bilirsiniz ki, Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri formatı, eləcə də Avropa İttifaqının vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı artıq müəyyən olunub. Bu, danışıqlara legitimlik qatır”, – deyə o bildirib.
Xandanyan qeyd edib ki, Ermənistan gələcək sülh müqaviləsində əvvəllər razılaşdırılmış prinsiplərin möhkəmləndirilməsinə önəm verir. Bu prinsiplər olmasa, sənəd İrəvanın gözlədiyi dəyərlərə malik olmayacaq.
Komissiya rəhbəri onu da əlavə edib ki, İrəvan keçməli olduqları ölkələrin suverenliyi və yurisdiksiyaları çərçivəsində regional kommunikasiyaların açılmasında israrlıdır, eləcə də malların, nəqliyyat vasitələrinin və insanların hərəkəti ilə bağlı müəyyən imtiyazların verilməsini nəzərdən keçirməyə hazırdır.
Natiq Səlim,
KONKRET.az
