İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?backend

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və İrəvanın silahlandırılması sülh prosesinin gələcəyi ilə bağlı suallar doğurur. Bəs Paşinyan sülh sazişinin imzalanmasını niyə ləngidir və bu prosesdə hansı amillər həlledici rol oynayır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, Ermənistanın baş naziri sülh prosesini uzatmaqla vaxt qazanmağa çalışır.

Bakıda nəqliyyat böhranı nə vaxta qədər davam edəcək? | KONKRET

Onun sözlərinə görə, Paşinyanın sülh sazişinin 2031-ci ilə qədər imzalana biləcəyinə dair açıqlaması da bu yanaşmanın göstəricisidir.

“İstənilən halda, Azərbaycan tərəfi təmkinli və israrlı olmalıdır. Ermənistan Konstitusiyasında referendum yolu ilə dəyişikliklər mütləq həyata keçirilməlidir. Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biri də budur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmayana qədər iki ölkə arasında sülh sazişinin imzalanmasından söhbət gedə bilməz. Hesab edirəm ki, Ermənistan tərəfi də bunu yaxşı bilir, sadəcə olaraq, vaxtı uzatmağa çalışır”, – deyə siyasi şərhçi bildirib.

C.Abbaslı vurğulayıb ki, Azərbaycan Ermənistanın Konstitusiya dəyişikliyi məsələsini diqqətdə saxlamalı və bu istiqamətdə mövqeyində israrlı olmalıdır. O, həmçinin Ermənistanın müxtəlif ölkələrdən silah almasına diqqət çəkərək, bu prosesin Azərbaycanın maraqları baxımından nəzərə alınmasının vacibliyini qeyd edib.

Siyasi şərhçinin fikrincə, Ermənistanın Hindistan və digər ölkələrdən silah əldə etməsi regionda baş verən proseslərin diqqətlə izlənilməsini zəruri edir.

C.Abbaslı qeyd edib ki, Ermənistanda Konstitusiya dəyişikliyinin həyata keçirilməsi ilə bağlı gözləntilər olsa da, prosesin uzanması haqlı suallar doğurur. Onun sözlərinə görə, Azərbaycan tərəfi İrəvanın bu istiqamətdə konkret addımlar atmasına nail olmaq üçün siyasi təzyiqləri artırmalıdır.

“Düşünürəm ki, Ermənistanın artıq bütün cəhdləri tükənmək üzrədir. Sadəcə olaraq, bunu tamamilə tükəndirmək və birdəfəlik bu prosesə son qoymaq lazımdır”, – deyə C.Abbaslı fikrini yekunlaşdırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*