Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?backend

Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?

Azərbaycanda bazarda rəqabətin zəif olması, məhsul və xidmətlərin müəyyən şirkətlərin nəzarətində cəmləşməsi qiymətlərin yüksəlməsinə və uzun müddət yüksək səviyyədə qalmasına şərait yarada bilər. Belə vəziyyətlərdə kiçik sahibkarların bazara çıxış imkanlarının məhdudlaşması, məhsulların istehsalçıdan istehlakçıya çatdırılması zamanı yaranan maneələr və vasitəçilərin çoxluğu da qiymətlərə təsir göstərir.

 Bəs süni qiymət artımının qarşısını almaq, sağlam rəqabət mühiti yaratmaq və istehlakçıların maraqlarını qorumaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, rəqabət mühitinin zəif olmasını yalnız bazarın bir neçə şirkətin əlində cəmləşməsi və ya inhisarçılıqla əlaqələndirmək düzgün deyil.

Rayon sakinlərinə kreditlər çox veriləcək - Bank filiallarının sayı  artırılır | KONKRET

Onun sözlərinə görə, rəqabətin əsasını məhsulların keyfiyyəti təşkil etməlidir. Eyni zamanda, bazarda məhsulun keyfiyyətindən əlavə, onun satışa çıxarılması və istehlakçıya çatdırılması ilə bağlı problemlər də nəzərə alınmalıdır.

“İlk növbədə bir məsələyə aydınlıq gətirim ki, rəqabət mühitinin zəif olması təkcə bazarın bir neçə şirkətin əlində cəmləşməsi, başqa sözlə, monopoliya ilə əlaqədar deyil. Rəqabət ilk növbədə məhsulun keyfiyyətinə əsaslanmalıdır. Digər məhsullardan keyfiyyət baxımından fərqlənməyən məhsulun rəqabətə davam gətirməsi də çətinləşir. Premium, tam orqanik və təbii məhsullar isə çox qısa müddətdə satıla bilir. Təbii ki, yüksək keyfiyyətli olduğu halda tarlada çürüyüb qalan, dəyər-dəyməzinə satılan məhsullar da var”, – deyə ekspert vurğulayıb.

G.Hüseynova hesab edir ki, əsas problemlərdən biri məhsulların bazara çıxarılması prosesində yaranan çətinliklərdir. Onun fikrincə, istehsalçının məhsulunu birbaşa satışa çıxara bilməməsi, saxlanc imkanlarının məhdudluğu və digər maneələr bazarda qiymət fərqinin artmasına səbəb ola bilər.

İqtisadçı-ekspert bu problemlərin aradan qaldırılması üçün bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini təklif edib. Onun sözlərinə görə, qısamüddətli vergi güzəştlərinin tətbiqi, saxlanc anbarlarının sayının artırılması və istehsalçıların məhsullarını birbaşa bazara çıxarmasına yaradılan süni maneələrin aradan qaldırılması müsbət nəticə verə bilər.

Ekspertin qənaətinə görə, bu addımlar məhsulların satış imkanlarını genişləndirə, itkiləri azalda və istehsalçı ilə istehlakçı arasındakı əlaqəni asanlaşdıra bilər.

Süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məsələsinə toxunan G.Hüseynova bildirib ki, azad bazar iqtisadiyyatı şəraitində satıcı məhsulunu müəyyən etdiyi qiymətə təklif edə bilər. Bununla belə, əsas diqqət məhsulun ilkin satış qiyməti ilə son istehlakçıya təqdim edildiyi qiymət arasındakı fərqə yönəldilməlidir.

“Azad bazar iqtisadiyyatında şəxs məhsulu istənilən qiymətə təklif edə bilər. Əsas məsələ məhsulun ilk satıcısından alındığı qiymətlə sonradan satışa çıxarıldığı qiymət arasında fərqin yüksək olmamasıdır”, – deyə o, qeyd edib.

G.Hüseynova hesab edir ki, qiymətlərin formalaşmasına nəzarətin gücləndirilməsi üçün elektron sistemə keçid və satışa çıxarılan hər bir məhsulun elektron qeydiyyatının aparılması məqsədəuyğun olardı.

Ekspertin fikrincə, belə bir sistem məhsulların hərəkətini izləməyə, ilkin və son satış qiymətləri arasındakı fərqi müəyyənləşdirməyə, eləcə də qiymət artımının səbəblərini daha aydın görməyə imkan verə bilər.

Beləliklə, bazarda sağlam rəqabətin formalaşması üçün yalnız inhisarçılıqla mübarizə deyil, həm də istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi, saxlanc infrastrukturunun inkişafı, vergi güzəştlərinin nəzərdən keçirilməsi və elektron uçot sisteminin tətbiqi vacib amillər kimi çıxış edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*