Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb.
KONKRET.az xəbər verir ki, Merz bu barədə Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə açıqlamasında danışıb.
Kanslerin sözlərinə görə, münaqişə Avropaya ciddi iqtisadi təsir göstərir. Xüsusilə enerji daşıyıcılarının qiymətinin bahalaşması nəticəsində son səkkiz ayda Avropa şirkətləri və istehlakçıları 100 milyard avrodan çox əlavə xərc çəkməli olublar.
O qeyd edib ki, Almaniya münaqişənin mümkün qədər tez başa çatması üçün diplomatik kanallar vasitəsilə səylərini davam etdirir.
Merz bütün münaqişə tərəflərinə müraciət edərək böhranın hərbi yolla həllinin mümkün olmadığını, bunun üçün danışıqlar və diplomatiyanın vacibliyini vurğulayıb.
Kansler bu çağırışın İsrailə də aid olduğunu bildirib.
Onun sözlərinə görə, Almaniya Yaxın Şərqdəki diplomatik əlaqələrindən istifadə etməklə sülh prosesinə dəstək verməyə hazırdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
