İş aludəçiliyinin gizli səbəbi: Uşaqlıq travmaları buna təsir edir?backend

İş aludəçiliyinin gizli səbəbi: Uşaqlıq travmaları buna təsir edir?

Millennial nəsli tez-tez işgüzar və hətta “iş aludəçisi” kimi xarakterizə olunur. Onların bir çoxu sabit gəlirə malik olsalar belə, həftəsonları işləməyə, əlavə layihələr götürməyə və illərlə pul toplamağa davam edirlər. Mütəxəssislər hesab edirlər ki, bunun əsas səbəbi zəngin olmaq istəyi deyil, gələcəkdə maddi çətinliklərlə üzləşmək qorxusudur.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə psixoloq Natalya Naumova REGIONS nəşrinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, bu yanaşmanın kökləri çox vaxt uşaqlıq dövrünə gedib çıxır. Bir çox millennial maliyyə böhranları dövründə böyüyüb, valideynlərinin aylarla maaş ala bilməməsinin və ailələrinin qənaətlə yaşamasının şahidi olub.

Psixoloq bildirib ki, belə təcrübələr bəzi insanlarda davamlı narahatlıq yaradır və dünyanı qeyri-sabit məkan kimi qəbul etmələrinə səbəb olur. Onlarda istənilən an hər şeyin dəyişə biləcəyi hissi formalaşır.

Naumovanın sözlərinə görə, bu vəziyyət bütün millenniallara aid deyil və insanın böyüdüyü mühitdən asılıdır. Uşaqlıqda ciddi maddi çətinliklərlə üzləşən insanlar böyüdükdən sonra yoxsulluq qorxusunu daha çox hiss edir, qazandıqları pulu xərcləməkdə çətinlik çəkir və özlərini həddindən artıq işə verirlər.

Mütəxəssis qeyd edib ki, maliyyə ehtiyatı yaratmaq narahatlığı azaltmağın ən effektiv yollarından biridir. Bir neçə aylıq xərcləri qarşılayacaq ehtiyat vəsaitin olması insanda təhlükəsizlik hissini gücləndirir.

Bununla yanaşı, psixoloq vurğulayıb ki, uşaqlıqdan formalaşan qorxunu yalnız pul yığmaqla aradan qaldırmaq mümkün deyil. Bunun üçün problemin səbəblərini anlamaq, travmatik təcrübələri mütəxəssislə birlikdə işləmək və real riskləri əsassız qorxulardan ayırmaq vacibdir.

Naumovanın fikrincə, fasiləsiz işləmək hər zaman təhlükəsizlik hissi yaratmır. Bəzən insanlar işə o qədər bağlanırlar ki, həyatın necə keçdiyini, övladlarının böyüdüyünü, münasibətlərinin zəiflədiyini və sağlamlıqlarının pisləşdiyini belə hiss etmirlər.

Psixoloq hesab edir ki, əsas məqsəd maliyyə sabitliyindən imtina etmək deyil, iş və şəxsi həyat arasında sağlam balans yaratmaqdır. Onun sözlərinə görə, bu balans həm həyat keyfiyyətinə, həm də maddi rifaha müsbət təsir göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*