İsmaqambetov: “Külək Bakıya doğru əsir. Burada heç nə deyə bilməzsən”backend

İsmaqambetov: "Külək Bakıya doğru əsir. Burada heç nə deyə bilməzsən”

Ötən həftə Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri və Bakıdakı görüşlərdə davranışı Almaniyanın Azərbaycana qarşı münasibətinin təzahürüdür. Təlimatlarını Parisdən alan Almaniya rəhbərliyi Ermənistanın mövqeyini dəstəkləməklə Azərbaycan əleyhinə aparılan kampaniyanın önündə gedənlərdəndir.

Noyabrın 3-də İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra Almaniyanın xarici işlər nazirinin dediyi sözlər bir gün sonra Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra işlətdiyi ifadələrin təkrarıdır: “Danışıqların yeni mərhələsinin mümkün qədər tez baş tutması çox vacibdir”.

Berbok Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə də Cənubi Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasından, ikitərəfli Azərbaycan-Almaniya münasibətlərindən danışıb. Bəs Almaniyanın xarici siyasət idarəsi rəhbərinin Cənubi Qafqaza səfərinin kökündə nə dayanır?

Almaniyalı politoloq, Dünya Trendləri İnstitutunun baş elmi işçisi Aleksandr Rar Almaniyanın Rusiya ilə enerji əməkdaşlığından imtina etdiyini bildirib və qeyd edib ki, onun ölkəsi Moskva ilə enerji müqavilələrini pozduğu üçün Berlinin başqa enerji mənbələrinə ehtiyacı var. Ona görə də Azərbaycanın Almaniya üçün əhəmiyyəti böyükdür:

“Azərbaycan Avropa üçün Xəzər neft və qazını almaq baxımından ən sərfəli ölkədir. Məhz buna görə də Almaniya davamlı tənqidlərə baxmayaraq, kəskin anti-Azərbaycan mövqeyi tutmayacaq.

Bunun üçün Berbokun Azərbaycanın Qarabağ əməliyyatından sonra verdiyi bəyanatlara diqqət yetirmək kifayətdir. Bunun niyə edildiyini başa düşməlisiniz. Almaniyanın ümumi dəyərlər siyasəti var. Bu, ilk növbədə insan hüquqları və humanitar prinsiplərdir. Ona görə də Azərbaycanın keçirdiyi əməliyyatla bağlı Almaniya öz narahatlığını ifadə etməyə başladı. Ola bilər ki, Bakı bunun diplomatik ritorikadan kənara çıxdığını düşünür. Hətta demək olar ki, bu vəziyyətdə Berlin qismən İrəvanın tərəfinə keçdi. “Yaşıllar” partiyasının fikrincə, Ermənistanın hüquqları pozulub. Baxmayaraq ki, beynəlxalq hüquq baxımından bu, belə deyil.

Beləliklə, Almaniya Ermənistanı həvəsləndirməyə çalışır, lakin obyektiv olaraq Azərbaycanla münasibətləri korlamaq istəmir, çünki ona Azərbaycan qazı və nefti lazımdır. Eyni zamanda, başa düşmək lazımdır ki, Aİ və ABŞ-ın əsas məqsədi hansısa yolla Ermənistanı və ya Azərbaycanı öz tərəfinə çəkmək deyil, Rusiyanı təcrid etməkdir. Cənubi Qafqazda əsas məqsəd budur. Aİ isə həm Ermənistana, həm də Azərbaycana bu istiqamətdə müəyyən təkliflər edəcək”, – deyə A.Rar bildirib.

Eyni zamanda, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin Fəlsəfə, Siyasi Elmlər və Dinşünaslıq İnstitutunun elmi işçisi, siyasi elmlər namizədi Talqat İsmaqambetovun fikrincə, Azərbaycan lazımi anda lazımi yerdə idi: “Çünki hansı yolla getməyimizdən asılı olmayaraq bütün marşrutlar Azərbaycandan keçir. Cənubi Qafqaz Mərkəzi Asiya ilə daha sıx bağlıdır və bu geosiyasi əlaqə Qərb oyunçuları üçün son dərəcə maraqlıdır. Külək Bakıya doğru əsir – burada heç nə deyə bilməzsən, bu vəziyyət danılmazdır”, – deyə qazaxıstanlı politoloq bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*