KART SAYI MƏHDUDİYYƏTİ – Bank sektorunda özbaşınalıq davam edirbackend

KART SAYI MƏHDUDİYYƏTİ - Bank sektorunda özbaşınalıq davam edir

Deyilənə görə vətəndaş bir bankda eyni valyutada yalnız bir debet kartına malik ola biləcək. Bu qərarı kim qəbul edib? Deyilənə görə banklar. Yəni guya işi-gücü olmayan və bir-birinə rəqib olan banklar görüşüb yekdil belə qərara gəliblər: “yaman çox kart satırıq, gəlin özümüzü məhdudlaşdıraq, az sataq və az qazanaq”.

Necə ki, bir neçə il əvvəl guya həmin bu banklar yekdil qərar verdilər ki, vətəndaşa il ərzində 20000 manatdan çox xarici valyuta satmasınlar. Və necə ki, iki ay əvvəl guya həmin bu banklar yekdil qərar verdilər ki, kartdan karta əməliyyatlarına limit tətbiq etsinlər. Yəni guya eyni məntiqlə banklarımız dedilər: “yaman çox valyuta satıraq və kartdan karta pul köçürərək pul qazanırıq, azaldaq bu gəlirlərimizi”.

Əlbəttə, normal insan bu qərarları bankların qəbul etdiyinə inanmır. Yenə də bir bank, yaxud bir neçə bank bunu etsəydi, dərd yarı. Bütün banklara nə düşüb ki, özlərini qazancdan etsinlər? Axı bu həmin banklarımızdır ki, kredit verdiyi vətəndaşın sonuncu qəpiyini əlindən almaq üçün dəridən-qabıqdan çıxır! Kredit vermək üçün müştəri uğrunda bir-biri ilə amansız rəqabət aparan bu banklar nədən bu əcaib qərarlarda birləşərək yekdil olsunlar axı?

Aydın məsələdir ki, bu qərarların müəllifi hökumətdir. Sadəcə nədənsə bu qərarları dövlətin adından normal şəkildə qəbul etmək istəmirlər. Yəqin ona görə ki, bu qərarların qanunsuz və məntiqsiz olduğunu başa düşürlər. Həm də bu qərarlar əsasən yalnız bir səbəbdən qəbul olunur: məmurlarımızın çoxu savadsız və tənbəldir. Maliyyə əməliyyatlarına sivil dünyada olduğu kimi normal nəzarət edə bilmirlər. Buna görə də özlərinə rahat olsun deyə müxtəlif məhdudiyyətlər icad edirlər və onları bankların yekdil qərarı kimi təqdim edirlər. Banklar da bu rəzilliyə imza edirlər və hamıya göstərirlər ki, ölkədə normal bazar iqtisadiyyatı və müstəqil sahibkarlıq subyektləri yoxdur. Sanki hamısı SSRİ-dən qalma dövlətə məxsus təsərrüfat subyektləridir.

Ortada da bankla vətəndaş qalır. Bank qazancından olur. Vətəndaş isə normal bank xidmətindən. Məsələn, bir bankda eyni valyutada azı iki debet kartına malik olmağın tam məntiqi əsası var. Bir kartda pul saxlayırsan, digəri ilə isə ödənişlər edirsən. Yəni lazım olduqca birinci kartdan ikinci karta pul atıb ödənişlərini edirsən. Bununla da dələduzlardan pulunu qoruyursan. Pulunu saxladığın kartının nömrəsi və s. heç yerdə görünmür. Ödənişlər üçün istifadə etdiyin kartda isə heç vaxt pul olmur. Bax, indi soruşuram: kartlardan bu qədər pul oğurluğu olan dövrdə niyə vətəndaşı özünü qorumaq imkanından da məhrum edirsiniz?..

Əkrəm Həsənov,
İqtisadçı ekspert, hüquqşünas

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*