Əmək bazarında gender bərabərliyi uzun illərdir müzakirə edilən əsas məsələlərdən biri olaraq qalır.
Qanunvericilikdə “bərabər dəyərli işə bərabər əmək haqqı” prinsipi açıq şəkildə təsbit edilsə də, statistika kişilərin orta aylıq əməkhaqqının hələ də daha yüksək olduğunu göstərir. Bu fərqin səbəbləri isə təkcə hüquqi müstəvidə deyil, həm də iqtisadi struktur, peşə bölgüsü və sosial yanaşmalar kontekstində qiymətləndirilir.
Bəs real əmək bazarında formalaşan bu maaş fərqi hansı amillərlə izah olunur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, əmək bazarında formalaşan maaş fərqlərinə kompleks yanaşmaq lazımdır.

Onun sözlərinə görə, kişilər və qadınlar adətən fərqli sahələrdə fəaliyyət göstərirlər və bu sahələr üzrə əməkhaqqı səviyyəsi də dəyişir:
“Xüsusilə neft-qaz sənayesində açıq dəniz platformalarında, dəmiryolu tikintisində, ağır metallurgiya sahəsində, eləcə də hava, yerüstü və yeraltı nəqliyyat sektorunda daha çox fiziki güc və risk tələb edən işlərdə əsasən kişilər çalışır. Hərbi xidmət və hüquq mühafizə orqanlarında da eyni tendensiya müşahidə olunur. Bu kimi sahələrdə əməkhaqqı daha yüksək olduğundan, ümumi statistikada kişilərin orta aylıq gəlirləri də yüksək görünür”.
İqtisadçı qeyd edib ki, qadınlar isə daha çox təhsil, səhiyyə və digər nisbətən az fiziki əmək tələb edən sahələrdə təmsil olunurlar ki, bu sahələrdə əməkhaqqı səviyyəsi adətən aşağı olur. Bu da ümumi orta maaş fərqinə təsir edən əsas amillərdən biridir.
R.Abbasbəylinin fikrincə, burada əsas məsələ hüquqi prinsiplərin pozulması deyil, əmək bazarının struktur xüsusiyyətləridir:
“Qanunvericiliyə əsasən, eyni dəyərli işi görən kişi və qadın arasında əməkhaqqı baxımından heç bir fərq qoyula bilməz. Əgər belə bir hal baş verirsə, bu artıq qanun pozuntusu hesab olunur. Lakin ümumi əmək bazarında müşahidə edilən fərqlər daha çox peşə bölgüsü, məşğulluq strukturu və iş şəraiti ilə bağlıdır”.
Ekspert əlavə edib ki, məşğulluq səviyyəsinə görə də kişilər bəzi sahələrdə daha geniş təmsil olunduqları üçün ümumi statistika üzrə onların orta aylıq əməkhaqqının yüksək olması təbii qarşılanır.
Beləliklə, mütəxəssis hesab edir ki, gender üzrə maaş fərqi təkcə diskriminasiya ilə deyil, həm də əmək bazarının struktur quruluşu, peşə seçimi, iş şəraiti və risk səviyyəsi kimi amillərlə bağlıdır. Bununla yanaşı, eyni işə görə fərqli əməkhaqqı hallarının qarşısının alınması üçün hüquqi nəzarətin gücləndirilməsi vacib olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az
