Azərbaycanda uzun illərdir formalaşmış inanca görə may ayı toy mərasimləri üçün “uğursuz” sayılır və bir çox ailələr nikah tarixini bu aydan kənar seçməyə üstünlük verir.
Şadlıq saraylarından əldə etdiyimiz məlumatlar da bu inancın real vəziyyətlə üst-üstə düşdüyünü göstərir. Belə ki, məlumat aldığımız şadlıq saraylarından – “Neolit Hall”, “Ağ Saray”, “Romance Hall”, “Buta Palace”, və “Grand Hall” bildirilib ki, may ayı üçün rezervasiyalarda doluluq müşahidə olunmur.
Şadlıq saraylarının verdiyi məlumata görə, xüsusilə həftəiçi günlərdə yerlər daha çox boşdur, həftəsonları isə qismən sifarişlər olsa da, əvvəlki aylara nisbətən aşağı aktivlik qeydə alınır.
Bəs may ayı ilə bağlı stereotip necə formalaşıb? Bunun dini və ya tibbi əsası varmı? Cəmiyyət bu inancı niyə hələ də qoruyub saxlayır?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, belə inancların dini əsası yoxdur:
“May ayında toy etməyin uğursuz olması fikri çox qəribədir ki, ildən-ilə ölkəmizin müxtəlif bölgələrində yayılır. Bəzən belə əsassız, cahil fikirlər olur və heç bir real sübuta söykənməyən məsələlər cəmiyyət arasında sürətlə yayılır.
May ayı da məhz bu cür inanclardan biridir. Amma görünür, bunu təbliğ edən, yayılmasına şərait yaradan hansısa mənbələr də var. Hər halda, əgər bu fikir ildən-ilə bu qədər güclə ortaya çıxırsa, deməli, bunu bəsləyən bir qaynaq mövcuddur. Lakin nə olursa-olsun, bizim milli və dini inancımız var. Xalqımızın qəbul etdiyi dəyərlər sistemində, ümumiyyətlə, “nəs gün” və ya “nəs ay” anlayışı yoxdur.
Nəs gün o gün ola bilər ki, insan həmin gün günah iş görsün, xəyanət etsin, haram əmələ yol versin və ya qul haqqına girsin. Yəni uğursuzluq konkret insana aid olan davranışla bağlıdır, günə və aya yox.
İslam dini ümumilikdə toy, düyün, kəbin və nikaha müsbət yanaşan dindir və bunun üçün hər hansı ay və ya günlə bağlı qadağa qoyulmayıb. Əlbəttə, qarşıdan Məhərrəm ayı gəlir. Orada müəyyən həssasiyyətlər var, lakin ümumi qadağa yoxdur.
Nə Qurani-Kərimdə, nə də Peyğəmbərimizin hədislərində hansısa gün və ya ayda toy etməyin uğursuz olmasına dair heç bir məlumat yoxdur. Bu, yalnız dini və mədəni baxışlarımızla bağlı məsələdir”.
O, bildirib ki, ailə qurmaq ciddi məsuliyyətdir və bu seçim tarixə deyil, şəxsi hazırlığa əsaslanmalıdır:
“Digər tərəfdən, iddia edirlər ki, guya may ayında ailə quranlar uğursuz olur və boşanırlar. Amma statistikalara baxılsa, aydın olar ki, bu da əsassızdır. Çünki təkcə may ayında yox, digər aylarda da ailə quran və sonradan boşanan çox sayda insanlar var. Eyni zamanda, xoşbəxt olmayan ailələr də az deyil.
Ona görə də bu məsələni yalnız may ayının üzərinə yıxmağın heç bir mənası yoxdur. Əsas odur ki, insanlar ailə qurmağa qərar verərkən məsuliyyətli olsunlar, dini və mənəvi dəyərləri düzgün dərk etsinlər. Ailə oyuncaq deyil, ciddi məsuliyyətdir və Allah adı ilə qurulur.
Allah adı ilə qurulan ailəni may ayında da qurmaq olar, digər aylarda da. May ayı həm də yaz fəslidir, həyatın canlandığı, təbiətin dirçəldiyi bir dövrdür.
Buna görə də bu məsələdə heç bir problem yoxdur. Kim ailə qurmaq istəyirsə, Allah xoşbəxt eləsin”.
Fəlsəfə doktoru, sosioloq Mail Yaqub da bu fikri xurafat adlandırıb:
“May ayında toy edilməməsi ilə bağlı inanc Azərbaycanda geniş yayılan, lakin heç bir rasional və məntiqi əsası olmayan xurafatdır. Allahın yaratdığı bütün günlər və aylar gözəldir, buna görə də belə bir yanaşma düzgün deyil.
İstər İslam dinində, istərsə də elmi və məntiqi baxımdan may ayında toyların keçirilməsinə hər hansı bir qadağa mövcud deyil. Sadəcə haradansa qaynaqlanan, əsassız bir inanc zamanla yayılaraq bu günə qədər gəlib çatıb.
Ona görə də artıq bu cür yersiz adət və inanclardan uzaqlaşmaq, məsələlərə daha rasional yanaşmaq lazımdır. May ayında da digər aylarda olduğu kimi toy və şənliklərin keçirilməsində heç bir problem yoxdur”.
