Kleopatra və Loğman Həkimin axtardığı “Ölümsüzlüyün sirri”: qidalanma, iqlim, yoxsa şərab və “siesta”?backend

Kleopatra və Loğman Həkimin axtardığı “Ölümsüzlüyün sirri”: qidalanma, iqlim, yoxsa şərab və “siesta”?

Məlumdur ki, insanlar tarix boyu gənclik iksirini, yəni gənc qalaraq uzunömürlü olmağın sirrini tapmaq üçün mübarizə aparıblar. Tarixdə bu haqda ilk ağıla gələn məşhur Misir kraliçası Kleopatra və Loğman Həkimdir. Lakin ölməzliyin sirrini axtaran bu məşhurlar belə qocalmanın və ölümün qarşısını ala bilməyib. Bu da o deməkdir ki, ölümsüzlük həqiqət deyil, lakin bəzi ölkələrdə insan ömrünün dünya ortalamasından xeyli yüksək olduğu müşahidə edilib. Deməli, ruhu gənc saxlamaq və uzunömürlü olmaq mümkündür. Uzunömürlülük üçün genetik və qidalanma kimi faktorlar vacib olsa da, coğrafiya, yaşadığımız iqlimin təsiri də danılmazdır.

Dünya göstəricisinə baxsaq, insan ömrünün uzunluğunda 71 il kimi ciddi bir artım olduğunu görərik.

KONKRET.az uzunömürlü ölkələrin siyahısını və bu insanların sirrini araşdırıb.

Həmin araşdırmanı təqdim edirik.

Öncəliklə qeyd etmək lazımdır ki, uzunömürlü insanlar sağlam həyat tərzi keçirirlər, maddi cəhətdən varlıqlı, spirtli içki və siqaretdən uzaqdırlar. Statistikalara görə, çox yaşayan insanların əksəriyyəti qadınlardır.

Monako dünyanın ən uzunömürlü ölkəsi seçilib. Burada ortalama insan ömrü 90 ildən çoxdur.

Yaponiya

Uzunömürlü və xoşbəxt insanlar deyəndə ağıla ilk gələn ölkələrdən biri Yaponiyadır. Burada yaşayan insanların ortalama ömrü 83 ildir. “Ölümsüzlər ölkəsi” kimi tanınan Okinava adası uzunömürlülüklə bağlı elmi araşdırmaların mərkəzinə çevrilib. Yaponiyanın cənub adalarında yaşı 100-dən yuxarı olan 400-dən çox insan yaşayır. Burada uzunömürlülüyün sirri insanların qidalanması ilə bağlıdır. Yerli əhalinin pəhrizi əsasən tofu (soya şirəsinin fermentasiyasından hazırlanan pendir növü), şirin kartof və balıqdan ibarətdir.

Yaşlıların aktiv sosial mühitə və güclü qonşuluq münasibətlərinə malik olması isə stress səviyyəsinin azalmasına və aidiyyət hissinin inkişafına səbəb olur.

Cənubi Koreya

“Ölümsüzlər ölkəsi” kimi tanınan bir digər ölkə isə Cənubi Koreyadır. Statistikalara görə, hətta bu ölkə bəzən dünyanın ən uzun ömürlü ölkəsi olan Yaponiyanı da keçir. Cənubi Koreyada orta ömür uzunluğu genetik faktorlar, eləcə də güclü iqtisadiyyat və həyat səviyyəsi ilə əlaqədar olaraq 90 ildən artıqdır. Cənubi Koreyada fermentləşdirilmiş qida istehlakına əsaslanan pəhriz də mövcuddur. Onlar pəhrizin xolesterol səviyyəsini aşağı saldığına və immunitet sistemini gücləndirdiyi üçün xərçəngin qarşısını aldığına inanırlar. Həmçinin Koreya mətbəxi də lifli qidalarla zəngindir. Eyni zamanda ölkədə məhəllə həyatına önəm verilir. İnsanları bir araya gətirən hamam kimi ümumi məkanlar sosiallaşmaq, cavanlaşmaq və stressi azaltmaqda xeyli təsirli olur.

İspaniya

İspaniya dedikdə ağlımıza ilk gələn nahar fasiləsindəki yuxuya verilən ad, yəni “siesta” gəlir. İspaniya əhalisi ən az 82-83 il yaşayır. Onların uzunömürlü olmağının sirri qidalanmada daha çox zeytun yağı, tərəvəz, şəraba üstünlük verməsi və “siesta” adlanan günorta yuxusuna yatmaqlarıdır. Araşdırmalara görə, İspaniyada mağazalar günorta 2.00-5.00 arası bağlanır və demək olar ki, bu ölkədə həyat dayanır. Ehtimal olunur ki, ispanlar bu saatlarda “siesta” keçirərək yatırlar, əslində isə iş saatları buna görə müəyyən edilir. Məlumat üçün qeyd edək ki, alimlər uzun və keyfiyyətli ömür üçün günorta saatlarında yatmağı tövsiyə edirlər.

Bundan əlavə, bu ölkədə insanlar təyinat yerlərinə çatmaq üçün piyada gəzir, ya da velosiped sürməyə üstünlük verirlər, bu da onların daha çox yaşamasına səbəb olan amillərdən biri kimi göstərilir.

Eyni zamanda İspaniya dövlətinin vətəndaşlara verdiyi ağıllı qolbaqlarla addımlarını davamlı olaraq ölçə bilirlər. Gündə 10 min addım atmadan evinə girməyən insanlar təbii olaraq həyat keyfiyyətini yaxşılaşdırırlar.

Sinqapur

Sinqapurda ortalama insan ömrü 83 ildir. Onların “möcüzə” adlı bir sağlamlıq sistemi var ki, bu səbəbdən orada körpə ölümü və hamiləliklə bağlı ölüm halları ən aşağı səviyyədədir. Ölkədə idman mərkəzləri, hətta yaşlılar arasında stressi azaltmaq və psixi sağlamlığı yaxşılaşdırmaq üçün parklar tikilmişdir. Bundan başqa, siqaret və alkoqolun vergisi digər ölkələrlə müqayisədə xeyli yüksəkdir.

İsveçrə

Avropanın ən zəngin ölkələri sırasında yer alan İsveçrədə kişilərin ortalama ömrü 81 ildir. Sağlamlıq xidmətlərinin inkişafı ilə yanaşı, pendir istehlakının da bunda mühüm faktor olduğu təxmin edilir.

Dünyanın ən yaxşı özəl məktəblərinə ev sahibliyi etmək bu ölkəni gənc ailələr üçün vacib mərkəzə çevirib.

Məlumat üçün qeyd edək ki, statistikalara görə, Azərbaycanda ortalama insan ömrü 72 ildir.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*