Kranın əzdiyi maşınların və ölən sürücünün sığortasını kim ödəyəcək?backend

Kranın əzdiyi maşınların və ölən sürücünün sığortasını kim ödəyəcək?

Bakının Nərimanov rayonunda kranın aşması nəticəsində 6 avtomobil yararsız hala düşüb, kranın sürücüsü isə vəfat edib. Bəs bu hadisəyə görə həm həyat sığortası, həm də avtomobillərə dəyən ziyana görə hansı sığorta ödənişləri edilməlidir və ödənişi kim etməlidir?

KONKRET.az-ın verdiyi xəbərə görə, sığorta eksperti İlkin İbrahimov bildirib ki, kranın aşması ilə baş verən hadisə nəticəsində həm həlak olan “Kran Group”un işçisi Elvin Cəfərova, həm də hadisə nəticəsində zərər çəkmiş şəxslərə sığorta ödənişləri verilə bilər:

“Belə ki, ölkəmizdə məcburi tətbiq edilən 2 növ sığorta məhsulu vardır ki, “Kran Group” şirkəti bu sığorta məhsullarını mütləq əldə etməli idil. Şirkət bütün işçilərini həyat sığortası ilə, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü ilə sığortalamalıdır. Digər tərəfdən bədbəxt hadisə nəticəsində avtomobillərə və digər əmlaklara dəyən ziyana görə isə “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə” sığorta məhsulları mövcuddur. Hesab edirəm ki, sığorta qanunvericiliyinə əsasən hər 2 növ sığorta məhsulu üzrə sığorta ödənişləri ödənməlidir. Bu növ sığorta icbari (məcburi) olduğundan həyat sığortasına nəzarəti Əmək müfəttişliyi, Mülki məsuliyyətlə bağlı sığortaya nəzarəti isə Fövqəladə Hallar Nazirliyi edir. Həyat sığortasını “Kran Grup”, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını isə tikinti aparan inşaat şirkəti etməlidir”.

Rəsmi açıqlamaya görə, Nərimanov rayonu, M.Sənani küçəsi 41 ünvanında “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan  hündürmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəalliyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxmış 1983-cü il təvəllüdlü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində dünyasını dəyişib, o cümlədən həmin ərazidə olan 6 avtomobil və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının 3 mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*