“Rusiyanın zəiflədiyinə və artıq ona yaxın ölkələrdə çirkin oyunlara cəhd etməyəcəyinə inananlar çox yanılırlar. Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığını və bu səbəbdən də öz ssenarilərini başqa ölkələrdə həyata keçirə bilməyəcəyini düşünənlər üçün Qazaxıstanda baş verənlərə nəzər salmağı məsləhət görürəm. Qazaxıstanın Rusiya ilə həmsərhəd olan şimal hissəsində, Petropavlovsk şəhərinin inzibati mərkəzində iyirmiyə yaxın yerli sakin müstəqillik, muxtariyyət və suverenlik tələb edib”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Hraçya Qalustyanın məqaləsində yer alıb:
“Biz azad insanlar, kişilər və qadınlar, Şimali Qazaxıstan vilayətinin Petropavlovsk şəhərinin işləyən sakinləriyik. Qazaxıstan Respublikasının korporasiyasının qondarma hüquqi bazasına görə, insanların həyatı üçün əlverişsiz şəraitin yaradılması səbəbindən etiraz edirik. Əmlakımızın və resurslarımızın idarə edilməsi sisteminin bütün təsisçilərinə tam şəkildə etimadsızlığımızı bildiririk. Biz xalq olaraq öz müstəqilliyimizi, muxtariyyətimizi və suverenliyimizi elan edirik”, – deyə bəyanatda vurğulanıb. Onlar həmçinin Qazaxıstanın təhsil, qida və tibb sisteminə qarşıdırlar. Bəli, Milli Təhlükəsizlik Komitəsinin Şimali Qazaxıstan vilayəti üzrə şöbəsi bir qrup şəxsin separatizm təbliğatı ilə bağlı ibtidai istintaqa başlayıb. Həmçinin rayon polis idarəsinin müstəntiqlərindən ibarət idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə prosessual prokurorlar təyin edilib. Amma bütün bunlar Rusiyanın indi qazax torpaqlarını ələ keçirmək cəhdlərindən əl çəkmədiyini açıq-aşkar sübuta yetirir. Politoloqların proqnozuna görə, Qazax “Maydan”ı baş verərsə və Tokayev Yanukoviçin “qaçış”ını təkrarlayarsa, bu zaman Rusiya Ukraynadakı kimi Qazaxıstanda da dövlət çevrilişi edə bilər. Sonra Petropavlovsk qazax separatçılarının köməyi ilə rus qoşunlarını “rusdilliləri qorumaq” adı altında ölkəyə soxmaq mümkünləşər. Bu, Rusiya və Qazaxıstan arasında genişmiqyaslı müharibənin başlanmasının formal səbəbi olacaq. Belə bir plan mütəxəssislər tərəfindən olduqca mümkün görünür”, – deyə erməni analitik vurğulayıb.
“Rusiya həm də qonşu Gürcüstanı, eləcə də Mərkəzi Asiyanın bir çox respublikalarını nəzarətində saxlayır. Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazilərə nəzarət edir. Beləliklə, Rusiyanın zəifləməsi haqqında söhbətlər çox şişirdilib. Kreml, Ukrayna və kollektiv Qərblə uzun müddət mübarizə aparmağı bacarır. O, Cənubi Qafqaz regionuna yeni qüvvələrin daxil olmasına imkan verməyəcək. Təbii ki, Ermənistanda mövcud hakimiyyəti devirmək planları da mövcuddur. Putin şəxsən Nikol Paşinyana nifrət edir. O, Paşinyanı indi Mixail Saakaşvilinin olduğu yerdə görmək arzusundadır. Ölkəmizdə ona yaxın olan insanların hakimiyyətə qayıtmasını arzulayır. Və bu istiqamətdə çalışır. Hamımız başa düşürük ki, Ruben Vardanyan Putinin layihəsidir. Rusiya keçmiş SSRİ-də ehtiyac duyulduğu məsələləri yoluna qoymaq üçün hələ də kifayət qədər güclüdür. Sadəcə, Rusiya bizdən qisas almağa davam edir. Rəsmi Moskva məğlub olana qədər belə davam edəcək. Və təəssüf ki, məğlubiyyət yaxın gələcəklə bağlı məsələ deyil”, – deyə Hraçya Qalustyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
