Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında baş verən 7,1 maqnitudalı güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.
KONKRET.az xəbər verir ki, son rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 38 nəfər ölüb, azı 139 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Prefektura hakimiyyəti və xilasedici xidmətlərin yaydığı son məlumata görə, təbii fəlakət səbəbindən 69 minə yaxın təsərrüfat hələ də susuz qalıb. Bundan əlavə, 9,2 mindən çox sakin zəlzələdən sonra yerləşdirildiyi təxliyə mərkəzlərində qalmağa davam edir.
Axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir. Dağıntılar altında insanların ola biləcəyi ehtimalı nəzərə alınaraq, ölənlərin sayının artacağı istisna edilmir.
Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün xilasedicilərlə yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələrinin 4,6 min hərbçisi də əməliyyatlara cəlb olunub.
Qeyd edək ki, iyulun 28-də baş verən 7,1 maqnitudalı zəlzələ son illərdə Yaponiyada qeydə alınan ən güclü yeraltı təkanlardan biri hesab olunur. Əvvəlki rəsmi məlumatlarda ölənlərin sayının 34 olduğu bildirilirdi.
Günay Əli
KONKRET.az
