“Rusiya NATO ölkələrinin Ermənistan vasitəsilə Transqafqaz regionunda maraqlarını təşviq etmək cəhdlərini görür”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarıyla bağlı jurnalistlərə açıqlamasında deyib:
“Anti-Rusiya əhval-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, əsasən süni şəkildə edilir. Biz Ermənistandakı qeyri-hökumət təşkilatlarının sayından xəbərdarıq və əvvəllər də onların sayı kifayət qədər az idi.
Bu təşkilatlar Ermənistan və Rusiya Federasiyası arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün yaradılmayıb. Onların məqsədi burada anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmaq, ilk növbədə ABŞ və Avropa İttifaqı, NATO ölkələrinin bu regionda maraqlarının irəliləməsinə hazırlaşmaqdır. Biz bu cəhdləri görürük, müəyyən nəticələr əldə edirlər”.
Lavrov daha sonra vurğulayıb ki, erməni xalqının böyük əksəriyyəti Rusiya ilə ənənəvi, tarixi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır: “Və mən sizin diqqətinizi ona cəlb edirəm ki, bir neçə gün əvvəl baş nazir Paşinyan müsahibə verib və orada açıq şəkildə bildirib ki, Ermənistan öz istiqamətlərini dəyişmir.
Ümid edəcəyik ki, İrəvanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqe qalib gələcək”.
Qeyd edək ki, Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında, eləcə də MDB ölkələrinin Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən sammitində iştirakdan imtina edib.
Vəli Həsənov,
KONKRET.az
