“Elm və təhsil naziri Emin Əmrullayev son müsahibəsində və FB postunda deyir pulsuz təhsil yoxdur. Amma ölkədə təhsilin böyük hissəsi pulsuzdur və ‘Təhsil haqqında’ qanunda da ‘pulsuz təhsil’ anlayışı bir neçə dəfə təsbit edilib, təhsilin müxtəlif pillələri üçün”.
KONKRET.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elçin Rəşid bildirib. Onun sözlərinə görə, nazirin bu fikri həm qanunvericiliyə, həm də ölkədəki reallığa ziddir:

“Nazir bunu bilmir. Amma işin ən qəribə tərəfi başqadır. İşin ən qəribə tərəfi nazirlikdən heç kimin bunu ona deməməsidir. Nazir deyir təhsil haqqı elə təhsil xərcidir. Ona nümunə göstərirəm ki, ADİU-dakı MBA-da təhsil xərci təhsil haqqından ~30 dəfə azdır. Aralarında bu qədər fərq var. Bunlar necə eyni ola bilər? Təhsil haqqının 1/30 hissəsi xərcdirsə, qalan 29 misli hara gedir? Bu, rektorların sirridir”.
Ekspert nazirliyin ali təhsil müəssisələrindəki bu maliyyə qeyri-şəffaflığına niyə göz yumduğunu sual altına alıb:
“Nazirlik bu fərqi bilmir? Bilir. Ən azından dəfələrlə demişəm. Bəs nədən qaydalar və standartlar hazırlayıb təhsil haqqının təhsildə dəyər yaradacaq təhsil xərclərinə çevrilməsini təmin edərək təhsilin keyfiyyətini artırmağa çalışmır? Yaxud, nədən təhsil haqqını azaldıb ali təhsilin əlçatanlığını artırmağa çalışmır? Əvəzində son vaxtlar ardıcıl olaraq təhsil haqqının artırılmasını, nəticə etibarilə ali təhsilə əlçatanlığın azalmasını təbliğ edir”.
