Ağdərədə iki soydaşımızı öldürən kəşfiyyatçı “Kandaz” azadlığa buraxıldıbackend

Ağdərədə iki soydaşımızı öldürən kəşfiyyatçı "Kandaz" azadlığa buraxıldı

Qarabağda uzun illər Azərbaycana qarşı hərbi cinayətlər törətmiş erməni kəşfiyyatçısı Artur Avanesyan barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, İrəvan məhkəməsinin qərarı ilə “Kandaz” ləqəbi ilə tanınan Artur Avanesyan ev dustaqlığına buraxılıb və onun barəsində ölkədən çıxmamaq barədə iltizam tədbiri seçilib. O, 2026-cı ilin aprelində seçki prosesində qanun pozuntuları və seçicilərin ələ alınması ilə bağlı cinayət işi çərçivəsində saxlanılmışdı.

Artur Avanesyan Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnikidir. Erməni mənbələrində o, Qarabağ müharibələrinin iştirakçısı və uzun illər kəşfiyyat-diversiya (cinayət) fəaliyyətində iştirak etmiş şəxsdir.

Erməni mənbələrindəki məlumatlara görə, Avanesyan 1991-ci ildən Qarabağda Azərbaycan qüvvələrinə qarşı döyüşlərə qoşulub. O, əvvəlcə snayper, daha sonra isə kəşfiyyatçı kimi fəaliyyət göstərib.

Avanesyan öz müsahibələrindən birində Qarabağ müharibəsinin ilk dövründə Ağdərə istiqamətində iki azərbaycanlını öldürdüyünü bildirib. O, həmçinin Azərbaycan Ordusunun arxa cəbhəsinə keçdiyini, diversiya əməliyyatlarında iştirak etdiyini, Azərbaycan mövqelərinin minalanması üzrə tapşırıqlar yerinə yetirdiyini açıqlayıb.

Onun sözlərinə görə, 1997-ci ildə Azərbaycan mövqelərinə qarşı mina-diversiya əməliyyatı həyata keçirib. Avanesyan uzun illər ərzində Azərbaycan tərəfi barədə hərbi-kəşfiyyat məlumatları topladığını da etiraf edib.

“Kandaz” 2020-ci ilin 44 günlük Vətən müharibəsində də döyüşlərə qatıldığını bildirib. O, Levonarx istiqamətində erməni qüvvələrinin müdafiəsində iştirak etdiyini və topladığı məlumatları erməni hərbi komandanlığına ötürdüyünü deyib.

Avanesyan 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri zamanı da bölgədə olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*