Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühüm dəyişikliklərə səbəb olur. Yanacaq sərfiyyatının azalması, enerji infrastrukturuna artan tələbat, şarj stansiyalarının genişlənməsi və avtomobil bazarındakı yeni rəqabət mühiti göstərir ki, elektrikli nəqliyyat vasitələrinin yayılması gündəlik həyatın bir çox sahəsinə birbaşa təsir edir. Bu dəyişikliklər yaxın illərdə ənənəvi avtomobil istifadəsi vərdişlərini də ciddi şəkildə transformasiya edəcək.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev demokrat.az-a bildirib ki, elektrik avtomobillərinin sayının artması bir sıra mühüm dəyişikliklərə səbəb olub:

“İlk növbədə, insanlar daha komfortlu, rahat və keyfiyyətli avtomobillər idarə etməyə başlayıblar. Bu nəqliyyat vasitələrinin təhlükəsizlik sistemləri də daha yüksək səviyyədədir. Bununla yanaşı, elektrik avtomobilləri iqtisadi baxımdan da üstünlük təşkil edir. Onlar digər alternativ mühərriklərlə müqayisədə 70-80 faizə qədər daha qənaətcildir. Ən vacib üstünlüklərdən biri isə ekoloji təsirləridir. Benzin və dizel mühərrikli avtomobillər atmosferə zərərli qazlar buraxaraq ətraf mühitə ciddi ziyan vurduğu halda, elektrik avtomobilləri sıfır emissiya ilə işləyir və havanın çirklənməsini azaltmağa kömək edir. Eyni zamanda, bu avtomobillərin istifadəsinin artması şəhərlərdə səs-küy səviyyəsinin azalmasına da müsbət təsir göstərib. Bütün bunlar elektrik avtomobillərinin cəmiyyət və ətraf mühit üçün mühüm üstünlüklər yaratdığını göstərir”.
Beləliklə, elektrikli avtomobillərə keçid həm ekologiyanın, həm də ailə büdcəsinin xilas edilməsi deməkdir. Yəni, köhnə yanacaq vərdişlərini dəyişən sürücülər həm havaya buraxılan zəhərli qazların qarşısını alır, həm də yanacaq xərclərini kəskin şəkildə azaldaraq gələcəyin texnologiyasına sahib olurlar.
