“Əslində Makron bizə heç bir təhlükəsizlik zəmanəti vermədən ölkəmizi anti-Rusiya cəbhəsinə çəkir”.
KONKRET.az xəbər verir ki, bu fikirlər Ambartsum adlı erməni analitikin məqaləsində yer alıb:
“Fransa prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransındakı çıxışının əsas hissəsini Rusiyaya qarşı düşmənçilik və Ermənistanla dostluğun ifadəsi üzərində qurub. Bu, kəsişməməli olan iki fərqli proses kimi görünür, amma əslində hər şey səhvdir. Makron çıxışında Rusiyanı qeyri-sabitlik və xaos mənbəyi kimi təqdim edib. O, həmçinin vurğulayıb ki, Fransa bundan sonra da Ermənistanın yanında olacaq. Əslində Makron heç bir təhlükəsizlik zəmanəti vermədən ölkəmizi anti-Rusiya cəbhəsinə çəkir. O, ölkəmizin hansı çətinliklərlə və problemlərlə üzləşəcəyini anlamaya bilməz. Artıq Rusiyada ölkəmizin indiki rəhbərliyinə qarşı yönəlmiş çıxışların olduğunu görürük. Və hər şeyin Nikol Paşinyanın şəxsiyyətindən qaynaqlanması ilə özünüzü təsəlli etməyə ehtiyac yoxdur. Rusiya, təəssüf ki, Ermənistan və “Artsax” üzərində həqiqətən də böyük təsir rıçaqlarına malikdir” – erməni analitik vurğulayıb.
Erməni analitik öz xislətinə sadiq qalaraq Azərbaycana qarşı məkrli niyyətini də məqaləsində əks etdirib: “Azərbaycan Ukraynaya silah göndərir. Amma Rusiyanın özündə bunu görməməyi üstün tuturlar. Bu cür korluğun səbəbləri haqqında uzun yazmaq olar. Amma indi Ermənistan üçün nə qədər böyük risklər olduğunu anlamaq vacibdir. Və çətin ki, Makron bunu anlamasın. Amma onun üçün ən önəmlisi öz reytinqidir. Bütün bunları heç vaxt unutmamalıyıq” – Ambartsum fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az