Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər, enerji bazarlarındakı dəyişikliklər və qlobal maliyyə riskləri fonunda Azərbaycanda manatın sabitliyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Bəs hazırkı şəraitdə ölkədə devalvasiya təhlükəsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatında devalvasiya riskinin yaranmasını şərtləndirən ciddi amillər müşahidə olunmur.

“Azərbaycan iqtisadiyyatı üçün hazırda devalvasiya riski və ya devalvasiyanın baş verəcəyini göstərən əsaslı səbəblər yoxdur. Devalvasiya riskinin yaranması üçün xarici valyuta ehtiyatlarının azalması, valyuta bazarında tələbin təklifi üstələməsi kimi hallar müşahidə edilməlidir. Hazırda isə belə bir vəziyyət yoxdur”, – deyə ekspert vurğulayıb.
G.Hüseynova qeyd edib ki, dövlət büdcəsinin əsas hissəsinin neft gəlirləri hesabına formalaşdığı Azərbaycan kimi ölkələrdə devalvasiya riski daha çox enerji daşıyıcılarının qiymətlərində uzunmüddətli və kəskin enişlər zamanı meydana çıxır.
“Əgər neft qiymətlərində ardıcıl və ciddi azalma baş verərsə, bu, ölkənin valyuta gəlirlərinə təsir göstərə bilər. Lakin hazırkı şəraitdə belə bir riskdən danışmaq üçün əsas yoxdur”, – deyə o, bildirib.
Ekspert əlavə edib ki, bu, gələcəkdə devalvasiyanın tamamilə istisna edilməsi anlamına gəlmir.
“İstənilən ölkədə olduğu kimi, büdcə kəsirinin artması, idxalın ixracı üstələməsi, xarici ticarət balansında mənfi tendensiyaların yaranması və ya qlobal iqtisadi böhranların baş verməsi devalvasiya riskini artıran əsas amillərdir. Belə hallarda milli valyutanın məzənnəsinə təzyiqlərin yaranması qaçılmaz ola bilər”, – deyə Günay Hüseynova fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
