Duz alarkən bu məqama diqqət edin: Sağlamlığınız üçün vacibdirbackend

Duz alarkən bu məqama diqqət edin: Sağlamlığınız üçün vacibdir

Marketlərdə və bazarlarda müxtəlif növ duzlara rast gəlinir. Yodlaşdırılmış, dəniz, qaya və Himalay duzu arasında seçim etmək isə istehlakçılar üçün bəzən çətinləşir. Bəziləri təbii olduğu üçün dəniz və qaya duzunu daha faydalı hesab edir, digərləri isə yodlaşdırılmış duza üstünlük verir. Lakin bu məhsulların sağlamlıq baxımından fərqi nə dərəcədə böyükdür? Gündəlik istifadə üçün hansı duz daha məqsədəuyğundur və duzun tərkibindəki yodun miqdarını necə müəyyən etmək olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, duzun çox olması orqanizmin yodla təmin edilməsi demək deyil.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova qliserinin  zərərləri barədə xəbərdarlıq edir! – AÇIQLAMA: - Sağlam Qida

Onun sözlərinə görə, yod qalxanabənzər vəzinin normal fəaliyyəti və hormonların sintezi üçün vacib mikroelementdir. Uzun müddət yod çatışmazlığı yaşandıqda isə qalxanabənzər vəz böyüyə və endemik zob yarana bilər.

“Ümumdünya Səhiyyə Təşkilatının əsas strategiyalarından biri də gündəlik istifadə olunan duzun yodlaşdırılmasıdır. Bu yanaşma əhalinin yod ehtiyacının təmin edilməsinə xidmət edir. Ümumi yod ehtiyacı gündə təxminən 150 mikroqram təşkil etsə də, hamiləlik və laktasiya dövründə bu göstərici dəyişir. Qidalanma ilə kifayət qədər yod qəbul edilmədikdə isə həkim məsləhəti ilə əlavə preparatlar təyin oluna bilər”.

Məhsəti Hüseynova Masazır duzunun yod baxımından kifayət qədər zəngin olub-olmaması barədə ümumi fikir bildirməyin düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, bunun üçün konkret məhsul partiyasının laborator analizlərinin nəticələrinə baxılmalıdır. Məhsulun yodlaşdırılmış olması da etiket məlumatları və laborator nəzarətlə təsdiqlənməlidir.

Ekspert yodlaşdırılmış duzun saxlanma qaydalarına da diqqət çəkib. Bildirib ki, temperatur, rütubət, qablaşdırmanın materialı və bütövlüyü, eləcə də saxlanma müddəti duzun tərkibindəki yodun azalmasına səbəb ola bilər. Buna görə məhsulun düzgün şəraitdə saxlanılması vacibdir.

Mütəxəssis yodun yalnız duz vasitəsilə qəbul edilmədiyini də xatırladıb. Dəniz məhsulları, balıq, süd məhsulları və yumurta da yod mənbələri hesab olunur. Bununla yanaşı, rasionda tərəvəzlərin, o cümlədən kələm, gül kələmi və brokkolinin yer alması tövsiyə edilir. Yod əlavələrinin qəbulu isə ehtiyac müəyyənləşdirildikdən sonra həkim və mütəxəssis məsləhəti əsasında həyata keçirilməlidir.

Məhsəti Hüseynovanın sözlərinə görə, duzun rənginə, dadına və görünüşünə əsasən onun yodlaşdırılıb-yodlaşdırılmadığını müəyyən etmək mümkün deyil. İstehlakçılar məhsul alarkən etiketdəki məlumatları diqqətlə yoxlamalıdırlar.

O, bildirib ki, yodlaşdırılmış duzun tərkibində kalium yodat və ya kalium yodid istifadə olunur. Bu maddələrin adı və yodun miqdarı ilə bağlı məlumatlar etiketdə göstərilməlidir. Eyni zamanda məhsulun son istifadə tarixinə, saxlanma şəraitinə və qablaşdırmanın bütövlüyünə diqqət yetirilməlidir. Cırılmış və ya deşilmiş qablaşdırmada olan duzun alınması məsləhət görülmür.

Beləliklə, duz seçərkən onun rənginə və ya daha təbii görünməsinə deyil, yodlaşdırılıb-yodlaşdırılmadığına, tərkibinə və keyfiyyət göstəricilərinə diqqət yetirmək vacibdir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*