Əminsinizmi ki, Portuqaliyanı həqiqətən tanıyırsınız? Lissabon, Portu, Atlantik okeanı, məşhur tramvaylar, körpülər, portveyn… Bütün bunlar, əlbəttə, Portuqaliyadır. Ancaq ənənəvi turizm marşrutlarından bir qədər kənara çıxanda qarşınızda tamam başqa bir ölkə açılır.

Bu dəfə ayrıca səyahətə layiq hesab etdiyim bir neçə kənd və kiçik şəhərciyi bir araya topladım. Onların bəziləri o qədər qeyri-adidir ki, ilk baxışda tarixi filmlər üçün hazırlanmış dekorasiyaları xatırladır.
Portuqaliyada evlərin nəhəng qayaların arasında salındığı kəndlər, okeanın üzərindəki sıldırım qayalıqların kənarında yerləşən yaşayış məntəqələri, orta əsr qala divarları ilə əhatə olunmuş təpəüstü şəhərciklər var. Elə yerlər də mövcuddur ki, sanki Orta əsrlər buradan heç vaxt ayrılmayıb. Səyahətlər zamanı məhz belə qeyri-adi məkanları kəşf etmək mənə xüsusi zövq verir. Portuqaliyada isə belə yerlər düşündüyünüzdən də çoxdur.
Monsanto – nəhəng qayaların arasında qurulmuş kənd
Monsanto, bəlkə də, Portuqaliyanın ən qeyri-adi kəndlərindən biridir. Burada nəhəng qranit qayalar sadəcə evləri əhatə etmir, sözün əsl mənasında memarlığın bir hissəsinə çevrilir. Bəzən təbii qayanın harada bitdiyini, insan əlinin yaratdığı tikilinin harada başladığını müəyyənləşdirmək belə çətin olur.
Evlər sıldırım yamaclarda bir-birinə sıx şəkildə yerləşib. Nəhəng daşların arasından dar pilləkənlər və keçidlər uzanır. Yuxarıda isə qədim qala xarabalıqları və göz işlədikcə uzanan möhtəşəm mənzərə insanı qarşılayır.

Monsanto vaxtilə “Portuqaliyanın ən portuqal kəndi” tituluna layiq görülüb. Burada bir qədər gəzmək kifayətdir ki, bu kəndin niyə ölkənin digər yaşayış məntəqələrindən bu qədər fərqləndiyini anlayasınız.
Piodan – mavi qapıların bəzədiyi dağ kəndi
Piodan, ilk növbədə, tünd rəngli şist daşından tikilmiş evləri və mavi qapıları ilə diqqət çəkir. Binaların rəngi kəndə demək olar ki, monoxrom görünüş verir. Mavi qapılar, pəncərə çərçivələri və kiçik memarlıq detalları isə bu mənzərəyə xüsusi canlılıq qatır.
Küçələr o qədər dar və dolanbacdır ki, burada gəzmək adi gəzintidən daha çox kiçik bir kəşfiyyata bənzəyir. Axşam evlərin pəncərələrində işıqlar yananda kənd dağların arasında gizlənmiş nağıl dünyasını xatırladır.
Obiduș – orta əsrlərin nəfəsini qoruyan şəhərcik
Obiduș zamanı unutmaq istəyənlər üçün ideal məkanlardan biridir. Çiçəklərlə bəzədilmiş ağ evlər, dar daş döşəməli küçələr, qədim kilsələr və tarixi mərkəzi əhatə edən qala divarları bu şəhərciyə xüsusi görkəm verir.

Burada qala divarlarına qalxaraq onların boyunca gəzmək, evlərin damlarına və ətraf mənzərələrə yuxarıdan tamaşa etmək mümkündür.
Yeri gəlmişkən, mən bu ilin oktyabrında Obidușun küçələrində gəzmişəm. Bəlkə də elə buna görə bu şəhərcik haqqında yazarkən gözlərimin önündə dərhal onun ağ evləri, rəngarəng çiçəkləri, dar keçidləri və köhnə Portuqaliyaya xas olan xüsusi ab-havası canlanır.
Obiduș həmçinin özünün məşhur ginjinha içkisi ilə tanınır. Albalıdan hazırlanan bu likör çox vaxt kiçik şokolad fincanlarında təqdim olunur. Şəhərciyə gələn turistlərin mütləq dadmaq istədiyi yerli ləzzətlərdən biridir.
Monsaraş – nəhəng gölün sahilindəki ağ şəhərcik
Monsaraş xüsusilə axşam saatlarında valehedici görünür. Ağ evlərin divarları gün batanda çəhrayı və qızılı çalarlara boyanır, səmanın rəngi dəyişir, ətrafdakı geniş tarlalar isə üfüqə qədər uzanır.

Burada təbiətin sakitliyi və tarixi memarlıq bir-birini tamamlayır. Gecələr isə şəhərciyin işıqlardan uzaq mövqeyi ulduzlu səmanı müşahidə etmək üçün əla imkan yaradır. Monsaraş elə yerlərdəndir ki, insan buradan tələsmədən ayrılmaq istəyir.
Marvan – sanki bütün dünyanı seyr edən qala şəhərciyi
Marvan yüksək qayalı silsilənin zirvəsində, sanki bütün ətrafı müşahidə etmək üçün xüsusi seçilmiş bir məkanda yerləşir. Şəhərciyi qədim qala divarları əhatə edir. Bu divarların arasında ağ evlər, kiçik meydanlar və tarixi qala gizlənib.

Yüksəklikdən dağlara, vadilərə və uzaqda İspaniya ərazisinə açılan mənzərələr heyrətamizdir. Burada hər addımda dayanıb ətrafı seyr etmək, qala divarlarının üzərindən uzaqlara baxmaq istəyirsən.
Marvanın ən böyük üstünlüyü də məhz budur: burada tarixlə təbiət bir-birindən ayrılmaz şəkildə vəhdət təşkil edir.
Sortelya – daş evlərin və cəngavər qalalarının kəndi
Sortelya Portuqaliyanın ən yaxşı qorunub saxlanmış orta əsr kəndlərindən biridir. Boz qranit evlər, qədim qala divarları, müdafiə qüllələri, daş tağlar və təpənin zirvəsində yerləşən qala bu məkanı əsl tarixi səhnəyə çevirir.
Burada demək olar ki, hər guşə cəngavərlərin, müdafiə qalalarının və qədim yaşayış məntəqələrinin dövrünü xatırladır. Dar küçələrdə gəzdikcə qeyri-adi daş evlərə, kiçik keçidlərə və ətraf təpələrə açılan mənzərələrə rast gəlmək mümkündür.
Əsl köhnə Avropa ab-havasını sevənlər üçün Sortelya mütləq görülməli yerlərdən biridir.
Azenyaş-du-Mar – Atlantik okeanının üzərindəki ağ evlər
Təsəvvür edin: yamac boyunca okeana doğru enən ağ evlər, aşağıda qayalara çırpılan Atlantik dalğaları və sanki yerin kənarına yapışmış kiçik bir yaşayış məntəqəsi…
Azenyaş-du-Mar Sintra yaxınlığında yerləşir və Portuqaliyanın ən gözəl sahil mənzərələrindən birinə malikdir.
Burada insanın ürəyindən sadəcə seyr meydançasında dayanmaq, okeanın səsini dinləmək və suyun rənginin dəyişməsini izləmək keçir. Əgər hava da bəxtinizə gətirsə, həyatınız boyu xatırlayacağınız möhtəşəm gün batımlarından birinə şahid ola bilərsiniz.
Kaştelu-Rodriqu – tarixin izlərini qoruyan qədim kənd
Kaştelu-Rodriqu təpənin zirvəsində yerləşən, qədim daş evləri, qala divarlarının qalıqları, dar küçələri və müdafiə qüllələri ilə diqqət çəkən tarixi kənddir.
Yüksək mövqedə yerləşdiyinə görə buradan ətraf vadilərə və kənd mənzərələrinə geniş panoram açılır. Burada təkcə memarlığa tamaşa etmək deyil, həm də bu torpaqlarda yüzillər ərzində baş verən hadisələri təsəvvür etmək maraqlıdır.
Portuqaliya tarixən İspaniya ilə sərhəd bölgəsində yerləşən strateji ərazilərə malik olub. Buna görə də belə yaşayış məntəqələrinin bir çoxu müdafiə baxımından mühüm əhəmiyyət daşıyıb.
Kaştelu-Rodriqu da müxtəlif tarixi münaqişələrin təsirinə məruz qalıb. Xüsusilə 1383–1385-ci illərin sülalə böhranı və XVII əsrdə Portuqaliyanın müstəqilliyi uğrunda müharibə dövrü bu ərazinin tarixində iz buraxıb.
Dorneş – suyun əhatəsindəki sakit yarımada
Dorneş ilk baxışdan qeyri-real görünən yerlərdəndir. Bu kiçik yaşayış məntəqəsi Zézere çayının zümrüd rəngli sularının arasına uzanan dar yarımadada yerləşir.
Ətrafı su ilə əhatə olunan kənddə ağ evlər, qədim kilsə və qeyri-adi beşbucaqlı müdafiə qülləsi xüsusi mənzərə yaradır. Xüsusilə suyun üzərindən baxanda bu mənzərə daha təsirli görünür.
Dorneş sanki böyük dünyadan təcrid olunmuş, öz sakit həyatını yaşayan kiçik bir adadır. Burada zamanın daha yavaş axdığını hiss etməmək mümkün deyil.
Bəlkə də siz artıq bu yerlərdən bəzilərində olmusunuz? Yaxud Portuqaliyada bu siyahıya mütləq əlavə edilməli başqa kəndlər və şəhərciklər tanıyırsınız?
Tövsiyələrinizi məmnuniyyətlə gözləyirəm. Axı gözəl yerlər çoxdur, onları kəşf etmək isə əsl səyahət həvəskarı üçün heç vaxt bitməyən bir macəradır.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
