Milyonlarla qadının sevimlisi idi, şöhrətin zirvəsində hər şeyi qoyub tələbə oldu…backend

Milyonlarla qadının sevimlisi idi, şöhrətin zirvəsində hər şeyi qoyub tələbə oldu...

Ediz Hun. Br vaxtlar milyonlarla qadın ona aşiq idi… O isə bir gün bütün alqışları, şöhrəti və kino dünyasının parıltısını arxada qoyaraq səhər tezdən avtobusa minib universitetə gedən adi bir tələbəyə çevrildi…

İstanbulda dünyaya gəlmişdi. Atası intizamlı, zəhmətkeş maşın mühəndisi, anası isə fəlsəfə müəllimi idi. Evlərinin divarında Atatürkün imzasını daşıyan bir fotoşəkil asılmışdı. Ailə süfrəsində isə ağılın, elmin, mədəniyyətin və tərbiyənin sözü keçirdi.

Alman dilini öyrəndi, yaxşı təhsil aldı. Daha sonra diş həkimliyi təhsili almaq üçün Almaniyaya yollandı. Lakin həyat onun üçün tamam başqa bir yol hazırlamışdı.

1963-cü ildə bir jurnalın keçirdiyi müsabiqəyə qatıldı və qalib gəldi. Beləcə, kino dünyasının qapıları onun üzünə açıldı. Türk kinosu isə illər boyu yaddaşlardan silinməyəcək yeni bir sima qazandı. O baxışlar, o utancaq təbəssüm…

“Gənc Qızlar” filmi ilə başlayan kino karyerası qısa müddətdə onu dövrünün ən parlaq ulduzlarından birinə çevirdi. Türkan Şoray, Hülya Koçyiğit və Filiz Akın kimi sənətkarlarla eyni ekranı bölüşdü. Neçə-neçə sevgi hekayəsində tamaşaçıların qəlbinə yol tapdı.

Bəzən sevdiyinə qovuşa bilməyən gənc, bəzən də eşqi uğrunda hər şeydən keçməyə hazır olan qəhrəman obrazını canlandırdı. 130-dan çox filmdə baş rolda çəkildi. Bir zamanlar milyonların sevgisini qazanan aktyorun qarşısında şöhrətə gedən bütün qapılar açıq idi.

Amma 1970-ci illərin sonlarında o, həyatının ən gözlənilməz qərarlarından birini verdi. Kino dünyasının parıltısından uzaqlaşaraq tamam başqa bir istiqamət seçdi.

Çamadanını götürüb Norveçə yollandı. Oslo Universitetində biologiya, biokimya və ekologiya üzrə təhsil almağa başladı. Bir vaxtlar pərəstişkarlarının əhatəsində olan, filmləri ilə milyonları özünə bağlayan insan indi səhərlər avtobusa çatmağa tələsən tələbə idi!

Universitet müəllimləri onun Norveçdə qalmasını istəyirdilər. Lakin o, yaşlanan valideynlərini tək qoymamaq üçün Türkiyəyə qayıtmağı seçdi.

Vətənə döndükdən sonra universitetlərdə dərs dedi, yüzlərlə tələbə yetişdirdi. Bir vaxtlar kinoda sevginin dilindən danışan səsi bu dəfə elmi, təbiəti, ekologiyanı və dünyanın gələcəyini anlatmağa başladı.

Həyatının ən uzun və mənalı sevgi hekayəsini isə həyat yoldaşı Berna xanımla yazdı. Bengü və Burak adlı iki övladının atası oldu. Böyükadada pişikləri bəslədi, qağayıları müşahidə etdi, çiçəklər və kaktuslar yetişdirdi. Sakit, təbiətə yaxın, özünəməxsus bir həyat qurdu.

Sonrakı illərdə teatr səhnəsinə də çıxdı. Öyrənməkdən, işləməkdən, insanlarla ünsiyyətdən heç vaxt yorulmadı. Yeşilçamın bir çox dostunu son mənzilə yola saldı. Hər itki ilə sanki gəncliyindən bir parça, keçmişindən bir səhnə də ayrılıb getdi… Amma o, heç vaxt həyatın işıqlarını söndürmədi.

Çünki bəzən insanın ən böyük uğuru milyonların sevgisini qazanmaq deyil, şöhrətin zirvəsindən enib özünü yenidən kəşf etməyi bacarmaqdır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*