May ayında yağan qar kənd təsərrüfatına hansı təhlükələr yaradır?backend

May ayında yağan qar kənd təsərrüfatına hansı təhlükələr yaradır?

Yazın sonuncu ayını yaşayırıq. Lakin havanın temperaturu bunun tam əksini deyir. Günlərdir davam edən külək və yağış dayanmaq bilmir.

Ötən gün axşam saatlarından başlayaraq isə Quba rayonunun Xınalıq kəndinə qar yağıb. Belə ki, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.

Maraqlıdır, ilin günün bu vaxtı qarın yağması nədən xəbər verir? Bu kənd təsərrüfatı sahəsi üçün hansı risklər yaradır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov cavablandırıb. O bildirib ki, temperatur kəskin səviyyədə aşağıya enməyib:

“Qarın yağması kəskin şaxtaların olması demək deyil. Əgər havanın temperaturu mənfi beş dərəcədən aşağı düşərsə bu aqrar sahə üçün ciddi problemlər yarada bilər. İlin bu vaxtında kəskin şaxtaların olması meyvə və tərəvəzlərin məhsuldarlığına mənfi təsir göstərir. May ayında intensiv yağışların və qarın yağması ilə əlaqədar olaraq müəyyən aqro-texniki tədbirlər həyata keçirilməlidir”.

Ekspertin fikrincə, lazımi önləyici tədbirlərin görülməsi vacibdir:

“Aqro-texniki tədbirlər həyata keçirilərsə, istehsala ciddi təsir etməz. Lakin əgər dolu yağarsa, dolunun həcmi böyük olarsa və uzun müddət davam edərsə, bu aqrar sahəyə böyük həcmdə ziyan vura bilər. Dolu bitkiləri məhv edir. Faraş bitkilər və meyvə verməyə hazırlaşan ağaclar dolu yağan zaman ciddi zərər görür. Lakin indiki məqamda qar və ya intensiv yağışların yağması ciddi təhlükə formalaşdırmır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*