Frenk Visner Sovet İttifaqını məhv etməyi az qala həyatının mənasına çevirmişdi. Onun üçün bu, sadəcə siyasi məqsəd və ya peşəkar fəaliyyət deyildi. Bu, şəxsi mübarizə, ideoloji ehtiras və getdikcə qarşısıalınmaz xarakter alan bir missiya idi.
İlk baxışdan Missisipi ştatının ucqar bölgəsində böyümüş bir amerikalının Rusiya imperiyası, Sovet İttifaqı və Şərqi Avropa ilə nə əlaqəsi ola bilərdi? Mişar zavodu sahibinin oğlunu dünyanın o biri tərəfində baş verən siyasi proseslər niyə bu qədər maraqlandırmalı idi?
Lakin məhz həmin gənc sonradan ABŞ-ın gizli əməliyyatlarının ən nüfuzlu təşkilatçılarından birinə çevrildi. O, Vaşinqtonun SSRİ-yə qarşı uzunmüddətli mübarizə strategiyasının memarlarından biri oldu. Visner hesab edirdi ki, onun tarixi missiyası Sovet İttifaqını daxildən sarsıtmaq və nəhayət, dağıtmaqdır. Bu planın həyata keçirilməsində isə Ukraynaya xüsusi rol ayırırdı. Onun fikrincə, Ukrayna Moskvanın zəif nöqtəsinə çevrilə bilərdi.
Bu məqsədlə o, keçmiş nasistlərlə və kollaborasionistlərlə əməkdaşlıq edir, sovet ərazisinə agentlər göndərir, təbliğat layihələrini maliyyələşdirir, təxribatlar təşkil edir və Şərqi Avropada üsyanlar alovlandırmağa çalışırdı. Onun adı Frenk Visner idi.
Visnerin fəaliyyəti ABŞ-ın SSRİ-yə və sonrakı dövrdə Rusiyaya münasibətdə siyasətinin formalaşmasını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Amerikalı jurnalist və tarixçi Stiven Kinzer də “Boiling Pot: How America Brought War to Ukraine” kitabında bu şəxsiyyətə geniş yer ayırıb.
“Əgər Sovet hakimiyyəti altında yaşayan bütün məzlum xalqları azad edə biləcək bir adam var idisə, bu, Frenk Visner idi. Ən azı o özü belə düşünürdü”, – Kinzer yazır.
İmtiyazlı ailədən kəşfiyyat dünyasına
Frenk Visner 1909-cu ildə Missisipi ştatının Lorel şəhərində anadan olub. Kinzer onun uşaqlığını imtiyazlı və qapalı bir mühitdə keçirdiyini qeyd edir. Səhərlər xidmətçi onu geyindirməyincə yatağından qalxmır, əsasən qohumları və ailənin yaxın çevrəsi ilə ünsiyyət qururdu.
Virciniya Universitetində təhsil aldığı dövrdə nüfuzlu və son dərəcə qapalı “Yeddilər Cəmiyyəti”nə qəbul edildi. Bu təşkilatın üzvlərinin adları yalnız onların ölümündən sonra açıqlanırdı.
Visner xarizmatik, ünsiyyətcil və maraqlı hekayələr danışmağı bacaran biri idi. Bununla belə, dostlarından biri onu “soyuq və amansız insan” kimi xarakterizə edirdi.
Hüquq təhsili aldıqdan sonra 1941-ci ildə hərbi-dəniz xidmətinə qoşuldu. Daha sonra İkinci Dünya müharibəsi dövründə ABŞ-ın əsas kəşfiyyat strukturu olan Strateji Xidmətlər İdarəsində (OSS) fəaliyyətə başladı. Bu qurum sonradan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yaradılması üçün əsas oldu.
Rumıniya: Antikommunist ehtirasın başlanğıcı
Visnerin dünyagörüşünü və gələcək fəaliyyətini müəyyənləşdirən əsas hadisələrdən biri Rumıniyada yaşandı.
Rumıniya kralı I Mixayın rəhbərlik etdiyi hakimiyyət müharibənin böyük hissəsində nasist Almaniyasının müttəfiqi olmuşdu. Lakin 1944-cü il avqustun 23-də kral Almaniyaya qarşı mövqe tutaraq ölkənin tərəf dəyişdiyini elan etdi.
Altı gün sonra Frenk Visner Buxarestə göndərildi. Onun vəzifəsi OSS-in burada kəşfiyyat rezidenturasını yaratmaq və fəaliyyətini təşkil etmək idi.
Visner qısa müddətdə Rumıniyada böyük nüfuz qazandı. O, min nəfərdən çox amerikalı pilotun əsirlikdən geri qaytarılmasına kömək etdi, aristokratik məclislərin daimi iştirakçısına çevrildi və kral ailəsinin ətrafında nüfuzlu şəxslərdən biri oldu.
Bəzi məlumatlara görə, onun knyaginya Aleksandra Karadja ilə romantik münasibəti də olub. Bu münasibətin maraqlı tərəfi ondan ibarət idi ki, Amerika kəşfiyyatçıları knyaginyanın əri, varlı sənayeçi Dumitru Braqadirunun malikanəsində məskunlaşmışdılar. Visnerin özü də evli idi.
Antonesku rejiminin devrilməsi Rumıniyanın əvvəlki elitasının yoxa çıxması demək deyildi. Aristokratlar, saray ətrafı, iri sənayeçilər və nüfuzlu ailələr hələ də cəmiyyətdə öz mövqelərini qoruyub saxlayırdılar. Visner məhz bu çevrənin içərisində fəaliyyət göstərirdi.
Lakin onun heyran olduğu dünya çox keçmədən dağılmağa başladı. Ölkəyə Qızıl Ordu daxil olmuş, Sovet İttifaqının siyasi təsiri sürətlə güclənmişdi.
Visner Vaşinqtona kommunistlərin Rumıniyada hakimiyyəti ələ keçirməyə hazırlaşdığı barədə xəbərdarlıqlar göndərirdi. Lakin ona verilən göstərişlər daha ehtiyatlı davranmağı, sovet zabitləri ilə münasibətləri gərginləşdirməməyi tövsiyə edirdi.
Dostlarının həbs olunması, rumıniyalı almanların deportasiyası və sovet təsirinin genişlənməsi Visnerə ciddi psixoloji zərbə vurdu. O, bir vaxtlar heyran olduğu cəmiyyətin nümayəndələrinin hakimiyyət qarşısında aciz vəziyyətə düşdüyünü görürdü.
Kinzer və bir sıra digər tarixçilər Visnerin sonrakı antikommunist fəaliyyətinin köklərini məhz bu təcrübə ilə əlaqələndirirlər. Sovet hakimiyyətini Ukrayna millətçilərinin köməyi ilə sarsıtmağa hesablanmış “Aerodinamik” əməliyyatı da müəyyən mənada onun Rumıniyada yaşadığı hadisələrə şəxsi reaksiyasının davamı idi.
Gizli müharibənin memarı
1940-cı illərin sonlarında Visner ABŞ-ın Siyasət Əlaqələndirmə İdarəsinə rəhbərlik etməyə başladı. Adı adi bürokratik struktur təsiri bağışlasa da, əslində bu qurum gizli əməliyyatların planlaşdırılması və həyata keçirilməsi ilə məşğul olurdu. Sonradan onun funksiyaları MKİ sisteminə daxil edildi.
İdarənin fəaliyyət istiqamətlərinə təbliğat, sabotaj, gizli siyasi fəaliyyət və yeraltı müqavimət hərəkatlarına dəstək daxil idi.
Bu əməliyyatlar üçün böyük maliyyə resursları ayrılırdı. Hətta Avropanın müharibədən sonrakı bərpası üçün nəzərdə tutulmuş Marşall planının vəsaitlərinin müəyyən hissəsi gizli fəaliyyətlərin maliyyələşdirilməsinə yönəldilirdi.
Bir əməkdaş həmin dövrü belə xatırlayırdı:
“Bütün bu pulları xərcləyə bilmirdik. Yadımdadır, bir dəfə Visner və maliyyə nəzarətçisi ilə görüşdüm. Dedim: Aman Allah, bu qədər vəsaiti necə xərcləyək? Heç bir məhdudiyyət yox idi və heç kim xərclənən pullara görə hesabat tələb etmirdi”.
Visnerin əsas hədəflərindən biri Ukrayna idi. O, hesab edirdi ki, Ukrayna milli hərəkatından istifadə etməklə Sovet İttifaqının daxilində ciddi böhran yaratmaq mümkündür.
Bunun üçün isə Moskvaya qarşı mübarizə aparmağa hazır qüvvələr lazım idi. Onların keçmişi və İkinci Dünya müharibəsi dövründə hansı tərəfdə olmaları Visner üçün ikinci dərəcəli məsələyə çevrilmişdi.
Məhz onun rəhbərliyi altında bir sıra əməkdaşlıq etmiş şəxslərin müharibə cinayətləri ilə bağlı keçmişinin gizlədilməsi və ya dəyişdirilməsi istiqamətində addımlar atıldı. Bəzi şəxslərin bioqrafiyaları yenidən yazılır, adları dəyişdirilir, daha sonra ABŞ-a köçürülmələrinə şərait yaradılırdı.
1940-cı illərin sonunda Visner 300-dən çox ukraynalı kollaborasionistin ABŞ-a köçürülməsinə kömək etdi.
“Ukraynada dağıdıcı fəaliyyət Visnerin ideyası idi. O, Vaşinqtondan və Almaniyadakı gizli bazalardan çoxsaylı layihələri planlaşdırır və onlara rəhbərlik edirdi. Bu layihələr Ukraynanı Moskvaya qarşı bir təzyiq vasitəsinə çevirməyə hesablanmışdı”, – Kinzer yazır.
1949-cu ildən etibarən xüsusi hazırlıq keçmiş agentlər Ukrayna ərazisinə göndərilməyə başladı. Onların vəzifəsi yerli müqavimət qüvvələri ilə əlaqə yaratmaq, məlumat toplamaq və sovet hakimiyyətinə qarşı gizli fəaliyyətləri təşkil etmək idi.
Lakin Moskva da baş verənlərə biganə qalmırdı. Sovet xüsusi xidmət orqanları mühacirət təşkilatlarına nüfuz edir, agentura şəbəkələrini aşkarlayır və Qərbin əməliyyatlarını zərərsizləşdirirdi.
Visner isə Ukraynanı böyük bir barıt çəlləyi hesab edirdi. Onun fikrincə, həmin çəlləyə düzgün yerdən kibrit vurmaq kifayət idi.
Albaniya, Macarıstan və digər uğursuz əməliyyatlar
Ukraynaya göndərilən agentlərin fəaliyyətində ciddi uğursuzluqlar yaşandıqdan sonra Visner və MKİ direktoru Allen Dallas daha uzunmüddətli ideoloji mübarizəyə üstünlük verməyə başladılar.
Bu istiqamətdə mühacirətin müstəqil informasiya platforması kimi təqdim olunması nəzərdə tutulan “Proloq” nəşriyyat layihəsi yaradıldı. Məqsəd yalnız mövcud hakimiyyətə qarşı mübarizə aparmaq deyil, gələcək nəsillərin düşüncəsinə təsir göstərmək idi.
Lakin Visnerin planları SSRİ ərazisi ilə məhdudlaşmırdı. O hesab edirdi ki, Sovet İttifaqını birbaşa daxildən sarsıtmaq mümkün deyilsə, onun beynəlxalq nüfuzunu və təsir dairəsini zəiflətmək üçün bütün imkanlardan istifadə olunmalıdır. İlk böyük sınaqlardan biri Albaniya oldu.
MKİ Britaniyanın MI6 kəşfiyyat xidməti ilə birlikdə burada üsyan təşkil etməyə çalışırdı. Hazırlanmış agentlər ölkəyə göndərilməli, yerli narazı qüvvələrlə əlaqə yaratmalı və kommunist hakimiyyətinə qarşı silahlı çıxış təşkil etməli idilər.
Qərbin planına görə, üsyançılar silahla təmin olunacaq, ölkədə vətəndaş müharibəsi başlayacaq, daha sonra isə bu proses digər sovet bloku ölkələrinə yayılacaqdı.
Visner Albaniyanın üsyan üçün əlverişli şəraitə malik olduğuna inanırdı. Lakin əməliyyat ağır məğlubiyyətlə nəticələndi. Təxminən 300 təxribatçı və onların yerli köməkçiləri həbs edildi və edam olundu.
Sağ qalanlardan biri bu əməliyyatı belə qiymətləndirmişdi:
“Bizim müttəfiqlərimiz itkiləri nəzərə almadan Albaniyadan təcrübə meydanı kimi istifadə etmək istəyirdilər. Bu, əvvəldən uğursuzluğa məhkum, absurd bir plan idi”.
Visner özü isə Albaniya əməliyyatını “klinik eksperiment” adlandırırdı. Onun məqsədi kommunizmin daha geniş miqyasda geri çəkilməsinə nail olmağın mümkünlüyünü yoxlamaq idi.
1956-cı ildə Şərqi Avropada yeni imkanların yarandığını düşünən Visner Polşadakı siyasi dəyişikliklərdən sonra diqqətini Macarıstana yönəltdi.
“Azad Avropa” radiosuna qonşu ölkələrdə baş verən proseslər barədə geniş məlumat yaymaq tapşırılmışdı. Xüsusilə Macarıstanda antisovet əhval-ruhiyyənin gücləndirilməsinə diqqət yetirilirdi. Radio verilişləri ilə yanaşı, təyyarələrdən təbliğat vərəqələri də səpilirdi.
Həmin ilin payızında Macarıstanda üsyan başladı. Lakin sovet qoşunları üsyanı amansızlıqla yatırdıqdan sonra bir həqiqət üzə çıxdı: ABŞ macarların azadlığı uğrunda Sovet İttifaqı ilə müharibəyə başlamaq niyyətində deyildi.
Bu, Qərbin təbliğatı ilə real siyasi öhdəlikləri arasındakı fərqi açıq şəkildə göstərirdi.
Eyni dövrdə Misirdə də uğursuzluq yaşandı. MKİ prezident Camal Əbdül Nasirin hakimiyyətini zəiflətmək və ya devirmək məqsədilə “Omeqa” əməliyyatını hazırlayırdı. Lakin Süveyş böhranı Nasiri ərəb dünyasının qəhrəmanına çevirdi. ABŞ prezidenti Duayt Eyzenhauer əməliyyatın dayandırılmasını əmr etdi. Visner yenidən Ukrayna istiqamətinə qayıtdı.
1957-ci ildə MKİ “Müqavimət amilləri və xüsusi təyinatlı qüvvələrin fəaliyyət rayonları – Ukrayna” adlı məruzə hazırladı. Sənəddə yollar, körpülər, elektrik stansiyaları, potensial müqavimət mərkəzləri və hərbi baxımdan əhəmiyyət daşıyan digər obyektlər təhlil edilirdi.
Başqa sözlə, mümkün gələcək müharibə üçün Ukraynanın strateji xəritəsi hazırlanırdı.
Lakin Eyzenhauer administrasiyası yenə də sovet ərazisinə hərbi müdaxiləyə getmək niyyətində olmadığını göstərdi.
Şəxsi ehtirasın faciəyə çevrilməsi
Bu dövrdə Visnerin psixoloji vəziyyəti getdikcə pisləşirdi. Dostlarından biri onu belə xatırlayırdı:
“Mənə elə gəlirdi ki, o, saat mexanizmi kimi həddindən artıq sıxılıb. Tıqqıltını dayandırmaq mümkün deyildi”.
Visner bəzən əlaqəsiz teleqramlar diktə edir, qəfil qəzəblənir və danışığını dayandıra bilmirdi. Fermerlərə zəng edərək böyük mal-qara sürüləri almağı təklif edir, Yuqoslaviya lideri marşal İosif Broz Tito ilə Qızıl Ordu formasında görüşmək kimi qəribə fikirlər irəli sürürdü.
Bütün bunlara baxmayaraq, o, hələ də MKİ-nin gizli əməliyyatlarına rəhbərlik edirdi.
1957-ci ildə İndoneziyada da yeni əməliyyata başladı. Məqsəd neytral siyasət yürüdən prezident Sukarnonun hakimiyyətini zəiflətmək idi.
“Məncə, Sukarnonu odun üstünə qoymağın vaxtıdır”, – Visner Uzaq Şərq şöbəsinin rəhbərinə demişdi. Bu əməliyyat da uğursuzluqla nəticələndi.
1958-ci ildə rəhbərlik onu xəstəlik məzuniyyətinə çıxmağa razı saldı. Daha sonra Baltimor yaxınlığındakı psixiatriya klinikasına yerləşdirildi. Həkimlər ona manik-depressiv pozuntu diaqnozu qoydular və elektroşok terapiyası tətbiq etdilər.
Vəziyyəti müəyyən qədər yaxşılaşdıqdan sonra Allen Dallas onu yenidən xidmətə qaytardı. Bu dəfə Visner Londondakı MKİ rezidenturasına rəhbərlik etməyə göndərildi.
Orada o, Soyuq müharibədə Qərb blokunun tərəfini seçmək istəməyən Britaniya Qvianasının rəhbəri Çeddi Caqana qarşı aparılan əməliyyatda iştirak etdi.
Onun yaxın əməkdaşlarından biri Visnerin vəziyyətini belə izah edirdi:
“Frenk müqəddəs bir missiyası olduğuna inanırdı. Təbii ki, bu ehtiras onu fiziki və psixoloji cəhətdən tükənmə həddinə çatdırdı”.
1962-ci ildə xəstəliyi yenidən kəskinləşdi və Visner MKİ-dən ayrılmağa məcbur oldu.
O, Merilend ştatındakı fermasında yaşamağa başladı. Burada düşmənlərlə mübarizə və beynəlxalq siyasət haqqında uzun mətnlər yazırdı. Həyat yoldaşı onun psixoloji vəziyyətinin pisləşdiyini görərək evdəki silahların yığışdırılmasını xahiş etmişdi. Lakin bir tüfəng diqqətdən kənarda qalmışdı.
1965-ci il oktyabrın 29-da Frenk Visner intihar etdi. Onun 56 yaşı vardı.
“The Washington Post” qəzeti MKİ-də çalışdığı dövrü nəzərdə tutaraq onu “Vaşinqtonun ən nüfuzlu yarım düjün adamından biri” kimi xarakterizə etmişdi.
Üç nəsil, eyni geosiyasi baxış
Frenk Visnerin siyasi irsi ailəsinin sonrakı nəsillərində də müəyyən mənada davam etdi.
Onun oğlu Frenk Corc Visner II (1938–2025) ABŞ-ın tanınmış diplomatlarından biri oldu. 1961-ci ildən Dövlət Departamentində çalışan Visner Əlcəzairdə, Cənubi Vyetnamda, Tunisdə və Banqladeşdə müxtəlif vəzifələrdə işləyib. Daha sonra Zambiya, Misir, Filippin və Hindistanda ABŞ-ın səfiri olub.
O, həmçinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dövlət katibinin müavini vəzifəsini tutub. 1993-cü il yanvarın 20-də administrasiyaların dəyişməsi zamanı qısa müddətə dövlət katibinin səlahiyyətlərini icra edib.
2005-ci ilin dekabrında ABŞ dövlət katibi Kondoliza Rays onu Kosovonun statusu ilə bağlı danışıqlarda Vaşinqtonun xüsusi nümayəndəsi təyin etmişdi.
Visner-kiçik çıxışlarında NATO-nun gücləndirilməsini, Ukraynaya iqtisadi dəstəyi, Avropanın Rusiyadan enerji asılılığının azaldılmasını və Moskvaya qarşı sanksiyaların tətbiqini müdafiə edirdi.
2022-ci ilin martında isə o, ABŞ prezidenti Co Baydeni Rusiyaya qarşı kifayət qədər sərt mövqe nümayiş etdirməməkdə ittiham etmişdi. Onun fikrincə, Vaşinqton Moskvanı ABŞ-ın hərbi və nüvə üstünlüyü ilə daha açıq şəkildə çəkindirməli idi.
Frenk Visnerin nəvəsi Devid də diplomatik karyera seçib. O, Əlcəzairdə, Mərkəzi Afrika Respublikasında, Sudanda və Vaşinqtonda çalışıb. Daha sonra Albaniyada ABŞ diplomatik missiyasının rəhbər müavini və müvəqqəti işlər vəkili olub, sonrakı dövrdə isə Çexiyada Amerika diplomatik missiyasının rəhbər müavini vəzifəsini tutub.
Onun da siyasi mövqeyində NATO-nun gücləndirilməsi və Qərbin Moskva qarşısında vahid mövqedən çıxış etməsi əsas istiqamətlərdəndir.
Beləliklə, bir ailənin üç nəslini əhatə edən diplomatik və siyasi fəaliyyət ortaya çıxır. Dövrlər, vəzifələr və beynəlxalq şərait dəyişsə də, geosiyasi baxışların müəyyən istiqamətləri qorunub saxlanılır.
Frenk Visnerin hekayəsi yalnız bir kəşfiyyatçının bioqrafiyası deyil. Bu, Soyuq müharibənin pərdəarxası mexanizmlərinin, gizli əməliyyatların, ideoloji mübarizənin və şəxsi ehtirasların dövlət siyasətinə necə təsir göstərə bildiyinin nümunəsidir.
Onun həyatında ən diqqətçəkən məqam isə budur: Sovet İttifaqını dağıtmağı özünün müqəddəs missiyası hesab edən insan bu məqsədə çatmaq üçün ömrünün böyük hissəsini sərf etdi, lakin yaratdığı planların əksəriyyəti gözlənilən nəticəni vermədi.
Mənbə: Stiven Kinzer
Tərcümə etdi: Ağagül Mürsəlov,
KONKRET.az
