Media Putinin Solovyova mükafat verməsinin təfərrüatlarını AÇIQLADI – VİDEObackend

Media Putinin Solovyova mükafat verməsinin təfərrüatlarını AÇIQLADI - VİDEO

Media Putinin Solovyova mükafat verməsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə FreeDom süjet hazırlayıb. Vladimir Putin teleaparıcı və adaşı Vladimir Solovyovu “Rusiyanın müsbət imicinin formalaşmasına görə” sözləri ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Belə bir müsbət imic aydın deyil. İllərdir hətta yanındakı həmkarları da Solovyovu iş tərzinə görə ələ salıblar.

“O, müsahibəsində özündən razı danışır, eyni zamanda efirdə özünü şıltaq kral kimi aparır, mənəviyyatı, etikanı, jurnalist normalarını pozur”, – deyə jurnalistlər bildirirlər.

Solovyov o qədər qalmaqallı adamdır ki, Putin və onun dəstəsi hətta onun həyatına sui-qəsdlə bağlı əfsanə də uydurublar. Lakin onun Rusiya Federasiyasının Prezidenti ilə dostluğu dərhal başlamayıb.

Karyerasının əvvəlində Solovyov Putinə və hakimiyyətə qarşı fəal şəkildə çıxış edib və hətta vicdanlı bir jurnalist hesab edilirdi. İnanmaq çətindir, amma bir vaxtlar Solovyov Ukrayna ilə müharibəyə və Krımın ilhaqına qarşı çıxırdı.

Amma pul, necə deyərlər, öz işini görüb, hakimiyyətin təklif etdiyi yüksək qonorar Solovyovu 180 dərəcə dəyişib. Araşdırmaçı jurnalistlər müəyyən ediblər ki, Solovyovun yayımının bir saatı 400 min rubla başa gəlir və onun qonorarı ildə təxminən bir milyard rubl təşkil edir.

İndi Solovyov ən yaxın dostu Putinlə Rusiyanın hərbi qüdrətini və sanksiyaların təsirsizliyini tərənnüm edir.

Qeyd edək ki, əvvəllər Putin Solovyovu “Dostluq” ordeni, “Rusiya Federasiyası Prezidentinin minnətdarlığı”, “Şərəf ordeni”, “Nikolay Ozerov medalı”, habelə “Aleksandr Nevski” ordenləri ilə təltif edib.

Rus təbliğatçısı, “Solovyov Live” (Tam Əlaqə) və “Vladimir Solovyovla Axşam” verilişlərinin aparıcısı Aİ, Böyük Britaniya, Kanada, Avstraliyanın sanksiya siyahısına düşüb və Ukraynanın təhlükəsizliyinə təhlükə yaradan şəxslər siyahısına daxil edilib. Onun YouTube-dakı “Solovyov Live” kanalı platformadan istifadə şərtlərini pozduğuna görə bağlanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*