Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Natiq Göyüşovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Hökmdən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəalar xaric edilib. Natiq Göyüşova 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə iclas zalında həbs olunub.
İttiham aktına görə, hadisə 2025-ci ildə saat 00:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən tam orta məktəbin qarşısında baş verib.
Belə ki, həmin vaxt Natiq Göyüşov tanışı, zərərçəkmiş Hikmət Yusifzadə (adı, soyadı şərtidir) ilə görüşüb. Tərəflər arasında münaqişəyə səbəb zərərçəkmiş şəxsin bir müddət əvvəl təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətməsi olub.
İstintaqın və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, Natiq Göyüşov həmin ifadələrə görə Hikmət Yusifzadədən qisas almaq və onu cəzalandırmaq qərarına gəlib. Bunun üçün o, yaşadığı evdən əvvəlcədən götürdüyü istintaqa məlum olmayan bıçaqla zərərçəkmiş şəxsin bədən nahiyəsinə bir dəfə zərbə endirib. Bıçaq zərbəsi nəticəsində Hikmətin qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası yaranıb. Həmin xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilib.
Beləliklə, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Göyüşov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Bununla da ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti məhkum etmə hesab olunub və 2 il sınaq müddəti müəyyən edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
