Azərbaycanda şagird sayının azalması kənd məktəblərinin bağlanmasına, şəhər məktəblərində isə sıxlığın daha da artmasına səbəb olacaq.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli məktəblərdə şagird sayının azalması və bunun təhsil sisteminə mümkün təsirləri ilə bağlı açıqlamasında deyib.
Ekspert bildirib ki, birinci sinfə gedən uşaqların sayında son beş ildə müşahidə olunan azalma ümumi şagird sayına da təsir göstərir. Onun sözlərinə görə, bu prosesin bir neçə əsas səbəbi var.
M.Məmmədli qeyd edib ki, kənd məktəblərində şagird sayının azalması əhalinin şəhərlərə və şəhərətrafı ərazilərə köçməsi ilə bağlıdır. Digər səbəb isə doqquzuncu sinifdən sonra şagirdlərin bir qisminin ümumi təhsili davam etdirmək əvəzinə peşə təhsili müəssisələrinə üz tutmasıdır.
Ekspertin fikrincə, mövcud tendensiya gələcəkdə kənd məktəblərinin bağlanmasına, şəhər məktəblərində isə şagird sıxlığının artmasına gətirib çıxaracaq.
O bildirib ki, hazırda şəhər və şəhərətrafı məktəblərdə siniflərdə şagird sayı 40 nəfərə yaxınlaşdığı halda, bəzi kənd məktəblərində bir sinifdə cəmi 7-10 şagird təhsil alır.
M.Məmmədli xatırladıb ki, məktəblərin optimallaşdırılması ilə bağlı qərardan sonra Azərbaycanda 400-ə yaxın ümumtəhsil müəssisəsi bağlanıb və ya digər məktəblərlə birləşdirilib. Onun sözlərinə görə, söhbət əsasən şagird sayı 2-5 nəfər olan məktəblərdən gedir.
Ekspert hesab edir ki, şagird sayındakı bu qeyri-bərabər bölgü müəllim təminatına da təsirsiz ötüşməyəcək. Belə ki, şəhər məktəblərində siniflərdə sıxlıq artdıqca əlavə siniflərin açılmasına və müəllim sayının artırılmasına ehtiyac yaranacaq.
O vurğulayıb ki, problemin qarşısını almaq üçün yeni məktəblərin tikilməsi vacibdir. Əks halda, gələcəkdə şəhər məktəblərində həm müəllim çatışmazlığı, həm də sinif sıxlığı daha ciddi xarakter ala bilər.
