“Mənim sənin qəzetindən xoşum gəlir. Belə də davam et” – Hər görüş bir tarix idibackend

“Mənim sənin qəzetindən xoşum gəlir. Belə də davam et” - Hər görüş bir tarix idi

2023-cü il Heydər Əliyev ilidir. Bununla bağlı ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmin planın tərkib hissəsi kimi ümummilli lider haqqında elmi, ictimai, siyasi yazılar, araşdırmalar nəşr edilir. Təəssüflər olsun ki, əksər yazı və nəşrlər copy-paste, köçürmə və təkrarçılıqdan o yana keçmir, Heydər Əliyev şəxsiyyəti ilə bağlı məsuliyyətsiz fikir və mülahizələr meydana çıxır. Bu barədə geniş danışıb oxucuların zəhləsini tökmək fikrindən uzaq olsaq da, xüsusi olaraq vurğulamaq lazımdır ki, Heydər Əliyevi sonrakı nəsillərə sevdirmək yalnız onun tarixi xidmətlərini vurğulamaqla kifayət etməməlidir. Ulu öndərin siması, mənəvi dünyası, dövlətçilik əxlaqı monoqrafiyalarda, xatirələrdə əks olunmalı, zəngin təcrübəsinə, dünyagörüşünə şahid olmuş şəxslərin dili ilə ifadə olunmalı, görkəmli şəxsiyyətin dərin mahiyyəti açılmalıdır.

Bu mənada “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin “Xalq qəzeti”ndə dərc edilmiş “Onun sözünü həmişə eşidirik” məqaləsini xüsusi təqdir etmək lazımdır. Hesab edirəm ki, mətbuatda böyük təcrübəsi olan müəllifin ümummilli liderlə bağlı xatirələri Heydər Əliyevin bu sahənin inkişafındakı tarixi rolu, imkanları barədə ən yaxşı məqalə hesab olunmalıdır.

Alqış Musayev 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilən Heydər Əliyevin növbəti iclasların birində səsləndirdiyi “Mətbuat, informasiya bu gün müasir dünyanın canıdır” bəyanatına diqqət çəkərək yazır:

“Peşə fəaliyyətimin məzmunu ilə bağlı tez-tez belə bir sualla rastlaşıram: Heydər Əliyevin mətbuata münasibəti necə idi? Onun mətbuata münasibəti heç vaxt cari xarakter daşımayıb. Onun mətbuatla davranışı alt düşüncə ilə tənzimlənirdi. Heydər Əliyevin mətbuata yanaşmasının əsasında onun ümumilikdə sözə münasibəti dayanırdı. Söz onun üçün alternativsiz silah idi. Söz onun üçün enerji daşıyıcısı idi. Söz onun təqdimatında bərpa olunan enerjiyə çevrilirdi. Onun özünə olan kütləvi xalq inamı onun sözünə və məntiqinə olan inamdan qaynaqlanırdı”.

Əməkdar jurnalist haqlı olaraq vurğulayır ki, “Heydər Əliyevin siyasətinin gücü sözünün gücü ilə düz mütənasib idi. O, XX əsrin nadir siyasi liderlərindəndir ki, sözün enerjisini bütün çalarları ilə duya bilir, səfərbər edir və milli dövlətçilik maraqları, cəmiyyətin bütövlüyü naminə yönləndirə bilirdi”.

Baxın, burada heç bir bəlağət, qeyri-səmimi ifadələr yoxdur. Heydər Əliyevə o vaxt müxaliflik edən şəxslər də yekdil fikirdə idilər ki, ulu öndər sözə, informasiyaya böyük əhəmiyyət verirdi və dövlət quruculuğunda bu sahənin əhəmiyyətini bütün detalları ilə anlayırdı. İnformasiya siyasətinin incəliklərini yaxşı bilən görkəmli siyasi xadim bütün səfərləri boyunca Azərbaycan xəritəsini özü ilə əyani vəsait kimi aparırdı. Müəllif təsadüfən yazısında bu məsələni qabartmır: “Heydər Əliyev Azərbaycanın xəritəsi əlində Avropanı az qala addım-addım dolaşıb Azərbaycan həqiqətlərini dünyaya təbliğ edirdi. Belə məzmunlu saysız-hesabsız fakt sadalamaq mümkündür. Ümumiyyətlə, onun hər addımının informativ yükü və dövlətçilik məzmunu vardı”.

Baş redaktor o vaxtlar Heydər Əliyevin qəbullarına xüsusi diqqət yetirməyi vacib hesab edərək yazır: “Heydər Əliyevin qəbulları ilə bağlı (Xarici ölkə nümayəndələrindən, dövlət rəhbərlərindən tutmuş, adi qonağa kimi) geniş reportajlar verilirdi. Bəzən məhdud dünyagörüşlü adamlar bu reportajların nəyə hesablandığını anlamaqda çətinlik çəkirdilər. Əslində, həmin reportajlar bir əyani vəsait idi. Bu üsulla Heydər Əliyev müstəqilliyini yenicə elan etmiş, ciddi problemlərlə üzləşən bir ölkənin vətəndaşını, siyasətçisini, ziyalısını, alimini, qocasını, gəncini, məktəblisini proseslərin hansı məcrada getdiyi və hansı mərhələdən necə keçdiyi barədə məlumatlandırırdı. Başa düşənlər üçün həmin reportajlar adi efir nümunəsi deyildi, Heydər Əliyev məktəbinin ustad dərsləri idi”.

Müəllif bu möhtəşəm fikirləri ilə bir daha gələcək nəsillərə çatdırır ki, ustad Heydər Əliyevin jurnalistlərə, yazıçı və şairlərə münasibəti də sözə münasibətinin davamı idi.

Bu məqaləni daha geniş şəkildə təhlil etmədən bir neçə məqamı xüsusi olaraq vurğulamaq istəyirik.

Bir çox köçürmə, bir-birini təkrar edən yazılarda bildirilir ki, xalq Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi. Müəllif öz istedadı ilə həmin məsələni bu şəkildə təqdim etməyi daha məqsədəuyğun hesab edir:

“İndi bu ifadələrin çox ciddi redaktəyə ehtiyacı var. Xalq Heydər Əliyevi hansı hakimiyyətə dəvət etmişdi? Halbuki 1993-cü ilin iyun günlərində Azərbaycan hakimiyyəti, dövləti adına heç bir ciddi nişanə, atribut yox idi. Azərbaycan cəmiyyəti paramparça, Azərbaycan dövləti çilik-çilik edilmişdi”.

Alqış Musayev Heydər Əliyevi Azərbaycan tarixinin ən mühüm mərhələsi hesab edərək 1969-cu ildən ölkədə yeni cəmiyyətin yaradılması ilə bağlı sözün əsl mənasında mənalı təhlil təqdim edir. Həmin dövrün ideoloji sütunlarını çözür və belə bir yeni fikir ortalığa atır ki, “1969-cu ildən başlayaraq, Azərbaycan xalqı bütün istiqamətlər üzrə son bir neçə əsrdə ilk dəfə olaraq Heydər Əliyevin dərin zəkası və qüdrətli əli ilə həm də sürətlə təşkilatlanırdı. Təsadüfi deyildi ki, o, ən böyük məqbərə, abidə kompleksini Şuşada söz və dövlət adamı Molla Pənah Vaqifin xatirəsinə ucaltmışdı. Başqa bir qürurverici fakt: 1982-ci il, Siyasi Büro Yaxın Şərqdə yaranmış qarşıdurmanı səngitmək üçün onu xüsusi missiya ilə Suriyaya göndərir. Heydər Əliyev ilk fürsətdə Nəsiminin Hələbdəki məzarını axtarıb tapır və ziyarət edir. Baxmayaraq ki, səfər protokolunda belə kənaraçıxmalar nəzərdə tutulmamışdı…!”

Müəllifin məqaləsinin oxucular üçün ən oxunaqlı hissələrindən biri Heydər Əliyevlə bağlı xatirələrini əhəmiyyətli şəkildə təqdim etməsidir.

Həmin hissələri oxuduqca bu böyük dövlət xadiminin vaxt tapıb qəzetin baş redaktoru ilə telefonla danışması mətbuatda can qoymuş bütün jurnalistlər üçün ideoloji fakt kimi dəyərləndirilməlidir: “Qarşıda prezident seçkiləri keçiriləcək. “Yeni Azərbaycan” qəzetində dərc olunan bir məqalə onun diqqətini çəkib. Redaksiyaya zəng edib təəssüratlarını bildirir və məndən soruşur: “Mənə nə sözünüz var?”. “Cənab Prezident, biz gündəlik nəşr olunmaq istəyirik. Amma bəzi çətinliklər var…”, – deyirəm.

Məsələ qısa müddətdə həll olunur və 1998-ci ilə kimi həftəlik nəşr olunan “Yeni Azərbaycan” qəzeti gündəlik çıxmağa başlayır…”

Müəllifin 1999-cu ilin sentyabrında ulu öndərlə görüşü ilə bağlı hissəsi şəxsən məndə çox dərin təəssürat yaratdı. Baş redaktorun həmin anı obrazlı qələmə alması məharətinə heyran qalmamaq mümkün deyil. Çünki üslubda şitlik, bayağılıq yoxdur, oxucu müəllifin Heydər Əliyevə olan səmimi sevgisini hiss edir: “Növbəti bir görüş… Bu dəfə mövzu başqadır. “Sən Meğridənsən?”,- deyə soruşur. “Bəli”, – deyirəm. Meğri nə məqsədlə yaranıb, imperiyanın hədəfləri nə olub, bir-bir incələyir. Arada suallar verir.

Nüvədidən danışır. Nüvədi və nüvədililər haqqında məşhur çıxışını xatırladıram. “Nüvədi qədim Azərbaycan kəndidir. Araz qırağında yerləşir. Sırf azərbaycanlı kəndidir. Onu da deyim ki, Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”.

Qatarla keçərkən gördüyü Gəmi düzü stansiyası ilə Nüvədini ayıran təpəlikləri əllərinin işarəsi ilə təsvir edir. O yerlərin relyefini sanki rəssam kimi çəkir.

Heyrətlənirəm… İnamla da əlavə edir. İnşallah, ümid edirəm ki, o yerləri yenidən görə biləcəyik. “Nüvədililərə salamımı çatdırarsan”, – deyir”.

Geniş, əhatəli, oxunaqlı yazıda digər xatirələr də Heydər Əliyev şəxsiyyətinin ən yüksək keyfiyyətləri ayrı-ayrı epizodlarda verilir, söz və cümlələr şirin formada, ancaq ciddi və konkret mesajlarla, zənginliyi ilə seçilir: “Bir dəfə yüksək ranqlı vəzifə sahiblərindən biri xaricə səfər etmişdi. Rəsmi qəzetlər o səfər haqqında məlumat verdi. Amma biz o məlumatı bir qədər fərqli təqdim etmişdik. Həmin adamın xoşuna gəlməmişdi. Mənə iradını bildirdi.

İzah etdim ki, bu, çox normaldır. “Yeni Azərbaycan” qəzetinin öz prinsipləri və yaradıcılıq xarakteri var. Materialları da o prinsiplərə uyğun yerləşdiririk. Mənim izahatım onu heç cür qane etmədi və bu gərginlik beləcə qaldı.

Heydər Əliyevin yanında keçirilən iclasların birində həmin adam o mövzuya yenidən qayıdır. “Yeni Azərbaycan” qəzeti mənim materiallarımı yaxşı vermir. Fəaliyyətimi işıqlandırmır. Məni təbliğ etmir. Redaktor cavan oğlandır, heç kimə qulaq asmır və sair…

  • Ulu öndərimiz bütün dövrlər üçün aktual olaraq qalacaq bir reaksiya verir.
  • – Sən indi kifayət qədər yüksək vəzifə daşıyırsan. Sən bu vəzifəyə təbliğ olunub gəlmisən, yoxsa biz etimad göstərdiyimizə görə buradasan?
  • – Əlbəttə ki, Sizin etimadınızla.
  • – Onda bəs təbliğ olunub kim və nəçi olmaq istəyirsən?…
  • Bu söhbətdən sonra həmin adam bizə münasibətini dəyişib, qəzetdən əl çəkdi. Amma ulu öndərimizin də həmin vəzifə sahibinə münasibəti dəyişdi. Təbii ki, mənfiyə doğru”.

Alqış Musayevin məqaləsində Heydər Əliyevin Cənubi Azərbaycana olan münasibəti ilə bağlı məqamlar da var ki, bu da oxucunun aktual olaraq marağına səbəb olur:

“Yeni Azərbaycan”ın manşet xəbəri Cənubi Azərbaycanla bağlıdır. Bütöv Azərbaycanın xəritəsi və Təbriz şəhərinin üzərində Azərbaycanın bayrağı. İranın Azərbaycandakı səfiri özünə yer tapa bilmir. Xarici İşlər Nazirliyinə və Prezident Aparatına müraciət edir. İsrarla Prezidentin onu qəbul etməsini istəyir. Aprelin 21-i bazar günü olmasına baxmayaraq, Heydər Əliyev onu qəbul edir.

Mövzu isə bitmir: “Yeni Azərbaycan” bizi hamı ilə düşmən edir və sair. Ulu öndərimiz özü məsələyə müdaxilə edərək, 2002-ci il aprelin 23-də redaksiyaya zəng edib bu mövzuya nə üçün müraciət etdiyimi soruşur.

İzahat verirəm… Mövzu bütün Azərbaycan xalqı üçün həssasdır. Digər tərəfdən, bu mövzudan sui-istifadə edib reytinq yığmaq, gündəmdə qalmaq istəyən qüvvələr var. Biz bu mövzuya toxunmaqla vətəndaşlıq borcumuzu yerinə yetiririk, həm də mövzudan sui-istifadə hallarının qarşısını alırıq.

Cənubi Azərbaycanla bağlı mövqeyini izah edir. Bu günümüzlə səsləşən, hamının ürəyindən xəbər verən fikirlər söyləyir. Sonda “Mənim sənin qəzetindən xoşum gəlir. Belə də davam et”, – deyir.

Bu hadisədən bir neçə gün keçmiş katibliyə tapşırıq verir ki, mənim xarici səfərlərimdə də “Yeni Azərbaycan” qəzetinin əməkdaşı iştirak etməlidir…”.

Baş redaktorun təqdim etdiyi hər bir cümlə informasiya yükü daşıyır, tarixi yanaşması ilə diqqəti cəlb edir, hiss olunur ki, bu görüşlərin mahiyyətini qələmə alan şəxs özü Heydər Əliyevin dövlətçilik prinsiplərini, ideoloji əsaslarını mənimsəmiş ictimai xadimdir.

Müəllifin “Maddi, maliyyə, hərbi resursların məhdud olduğu 90-cı illərdə Azərbaycan xalqı yalnız Heydər Əliyev sözünün enerjisi hesabına yaşadı, fəaliyyət göstərdi, müstəqil Azərbaycan dövlətinin əsaslarını möhkəmləndirə bildi. Ona görə də Heydər Əliyev fenomeninin mahiyyətini onun sözə münasibətini nəzərə almadan sona qədər dərk etmək mümkün deyil” fikri bir konsepsiya kimi nəzərə alınmalı, əməkdar jurnalist, tanınmış söz adamının yaxın keçmişimizə verdiyi ən dəyərli, ustad yanaşmadan biri kimi qəbul edilməlidir. Hesab edirəm ki, “Heydər Əliyev bir tarixi şəxsiyyət kimi” adlı mövzularda bu məqalə daha geniş şəkildə təbliğ olunmalıdır.

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*