Azərbaycanda minlərlə sənədsiz evin mövcudluğu həm vətəndaşlar, həm də maliyyə və sığorta sektoru üçün ciddi problemlər yaradır. Bu cür tikililər dövlət reyestrindən çıxarış almadığı üçün banklarda girov predmeti kimi qəbul edilmir, eyni zamanda alqı-satqı prosesində də çətinliklər ortaya çıxır. Məsələ ilə bağlı daha bir mühüm sual isə bu evlərin sığortalanması ilə bağlıdır: görəsən, sənədsiz tikililər icbari və ya könüllü sığorta predmeti ola bilərmi?
KONKRET.az-a açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, mövcud qanunvericiliyə əsasən sənədsiz evlərin sığortalanması mümkün deyil.

“İstər yaşayış mənzilləri, istərsə də fərdi və bağ evləri sığorta predmeti kimi qəbul edilməsi üçün mütləq şəkildə rəsmi sənədlərə malik olmalıdır. Sənədsiz evləri sığorta etmək mümkün deyil. Çünki sığorta müqaviləsinin bağlanması üçün tikilinin hüquqi statusu təsdiqlənməlidir. Bu isə yalnız müvafiq sənədlər – çıxarış və ya digər hüquqi əsaslar olduqda mümkündür”.
Ekspert qeyd edib ki, bəzi hallarda vətəndaşlar torpaq sahəsinə dair sənədlərin kifayət edəcəyini düşünürlər. Lakin bu yanaşma da sığorta baxımından keçərli sayılmır:
“Torpağın çıxarışı və ya bələdiyyə sənədi olsa belə, bu həmin ərazidə yerləşən tikilinin sığortalanması üçün əsas vermir. Çünki sənəd torpağa aiddir, tikilinin özünə yox. Daşınmaz əmlakın sığortası üçün isə məhz tikilinin hüquqi sənədləri tələb olunur”.
Beləliklə, mövcud qaydalara əsasən həm icbari, həm də könüllü sığorta növləri üzrə sənədsiz evlərin sığortalanması mümkün deyil. Bu isə bir daha göstərir ki, vətəndaşların mülkiyyət hüquqlarını rəsmiləşdirməsi yalnız hüquqi deyil, həm də maliyyə təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az
