Azərbaycanda kredit ödənişlərinin gecikdirilməsi halları artdıqca, tətbiq olunan cərimə faizləri də vətəndaşların maliyyə yükünü daha da ağırlaşdırır. Bəzən bu cərimələr əsas borcun özünə yaxınlaşır və hətta onu belə üstələyir. Mövcud qanunvericilik müəyyən məhdudiyyətlər nəzərdə tutsa da, bir çox borcalanlar gecikməyə görə hansı həddə və nə qədər müddətə cərimə tətbiq olunacağını dəqiq bilmir.
Bəs, qanunvericiliyə əsasən kredit gecikmələrinə görə cərimə faizlərinin maksimal həddi və tətbiq müddəti nə qədərdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, kredit gecikmələrinə görə cərimə faizləri tətbiq olunsa da, bu proses tam şəkildə qanunvericilik və müqavilə şərtləri ilə tənzimlənir.

“İstehlak kreditləri üzrə cərimə faizlərinin yuxarı həddi məhdudlaşdırılıb.
Əgər vətəndaş istehlak krediti götürübsə, bu zaman tətbiq edilən cərimə əsas dərəcədən əlavə maksimum 5 faiz ola bilər. Qanunvericilik bu həddi aşmağa icazə vermir”.
İqtisadçı qeyd edib ki, biznes kreditlərində isə yanaşma bir qədər fərqlidir:
“Əgər kredit müqaviləsində cərimə faizi konkret göstərilməyibsə, bu halda Mərkəzi Bankın uçot dərəcəsi üzərinə əlavə 2 faiz hesablanır.
Hazırda uçot dərəcəsi 7 faiz olduğu üçün ümumi cərimə 9 faizə qədər müəyyən edilə bilər. Bununla belə, qanun ümumi yanaşmada minimum 5 faiz həddini də nəzərdə tutur. Sadə borc müqavilələrinə gəldikdə isə, əgər sənəddə cərimə faizi göstərilməyibsə, maksimum 5 faizə qədər cərimə tətbiqi mümkündür”.
Xalid Kərimli vurğulayıb ki, cərimə faizləri mütləq şəkildə müqavilədə əks olunmalıdır:
“Müqavilədə bu məsələlər dəqiq göstərilməlidir. Xüsusilə, istehlak kreditlərində vətəndaşların hüquqlarının qorunması üçün qanun yuxarı həddi konkret müəyyən edir. Cərimə faizləri maksimum 180 gün müddətinə hesablanır. Əgər gecikmə 180 günü keçərsə, artıq 181-ci gündən sonra əlavə cərimə faizi tətbiq edilmir.”
Qeyd edək ki, kredit ödənişlərinin vaxtında yerinə yetirilməməsi yalnız əsas borcun deyil, həm də əlavə faiz və cərimələrin artmasına səbəb olur. Bu isə vətəndaşların maliyyə yükünü daha da ağırlaşdırır və borcun qaytarılmasını çətinləşdirir. Buna görə də mütəxəssis kredit götürərkən müqavilə şərtlərinin diqqətlə öyrənilməsini və ödənişlərin vaxtında icra olunmasını tövsiyə edir.
Aynurə İsmayıl
KONKRET.az
