Məşhur aktyor Metyu Perrinin keçmiş köməkçisi Kennet İvamasa sübutların məhv edilməsi ilə bağlı ittiham olunub.
KONKRET.az xəbər verir ki, bu barədə TMZ məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Metyu Perrinin vəfat etdikdən sonra İvamasa başqa bir şəxsə ketaminlə bağlı sübutları məhv etməyi, sənədlərdən qurtulmağı və rəqəmsal qeydləri silməyi tapşırıb.
Federal Təhqiqat Bürosu (FBI) bildirir ki, aktyorun keçmiş köməkçisi müstəntiqlərə dəfələrlə yalan danışıb. Əvvəlcə o, Perrinin ölüm günü ketamin qəbul etdiyini gizlədib, daha sonra isə aktyorun ampulları özü gizlətdiyini iddia edib. Prokurorluğun məlumatına görə, bu iddialar həqiqətə uyğun deyil.
Bəyanatda qeyd olunur ki, İvamasa “B.M.” kimi göstərilən şəxsə Perrinin ölümündən sonra ketamin flakonlarını və şprisləri məhv etməyi tapşırıb. O həmçinin ketamin reseptinin və həkim Salvador Plasensianın ketamin təchizatçısı kimi qeyd olunduğu əlyazmanın məhv edilməsini əmr edib.
FBI-nin məlumatına görə, İvamasa daha sonra vasitəçi Erik Fleminqlə telefon danışığında törətdiklərini etiraf edib.
54 yaşlı Metyu Perrinin 2023-cü il oktyabrın 28-də ketamin anestezikinin təsadüfən normadan artıq qəbul edilməsi nəticəsində vəfat edib. Aktyor haqqında çəkilən sənədli filmdən məlum olub ki, ölümündən əvvəlki üç gün ərzində o, psixi pozuntuların müalicəsi üçün həkim tərəfindən təyin ediləndən əlavə 27 doza ketamin qəbul edib.
