Hər bir cəmiyyətin möhkəm və sarsılmaz dayaqları onun sağlam ideologiya üzərində qurulmasından asılıdır. Burada əsas rol oynayan amillərdən biri milli kimliklə bağlıdır. Hər bir xalqın soy kökündən, milli adət-ənənlərindən, tarixindən, dəyərlərindən irəli gələn milli kimlik həmin xalqın yaddaş kartıdır. Bütün dəyərləri özündə birləşdirən milli kimliyin aşlanması xüsusi yanaşma tələb edir. Bu da hələ məktəbəqədər təhsil müəssisələrindən başlamalıdır. Yəni uşaq içindəki milli kimliklə bərabər böyüməli, onu yaşatmalıdır. Vətənə məhəbbət, yurda sevgi də məhz buradan qaynaqlanır. Bunun adı isə milli ideologiyadır. Deməli, milli kimliyin milli ideologiya üzərində qurulması çox vacibdir. Son hadisələr göstərdi ki, Azərbaycanda bu ideoloji iş düzgün qurulub və hər bir yeniyetmənin, gəncin vətənə olan məhəbbətini təcəssüm etdirir. Azərbaycanda müxtəlif konsepsiyalar üzərində inkişaf etdirilən milli mənlik şüurunun tarixi köklərə bağlılığı, proseslərə düzgün yanaşma metodu müasir gəncliyin milli şüurunun formalaşmasına təsir edir.
Vətənpərvərlik amili də milli kimliyin ideologiya kimi inkişaf etdirilməsi ilə bağlıdır. Vətənpərvərlik ruhunda tərbiyənin xüsusi önəmi var. Uşaqlara hələ kiçik yaşlarından aşlanan vətənpərvərlik ruhu onların gələcək həyatlarında mühüm rol oynayır. Deməli, milli mənlik konsepsiyasının önəmi böyükdür və gənclərin bu ruhda böyüməsi xüsusi əhəmiyyət kəsb edir.
- Milli mənlik şüuru altında vətənpərvərliyin təbliğ olunması nəticə etibarilə böyük qəhrəmanlıqlara gətirib çıxarır. Milli Qəhrəman Mübariz İbrahimovun təkbaşına düşmən üstünə getməsi və son damla qanına qədər vuruşub şəhid olması milli mənlik şürundan irəli gələn dəyərdir. Vətənə bağlılıq, yurd sevgisi, insanlara məhəbbət, Azərbaycanı sevmək elə bir duyğudur ki, bu duyğunu ölümün gözünə dik baxan igidlər 44 günlük Vətən müharibəsində yaşadılar. Vətənpərvərlik ruhu ilə böyüyən oğulların cəsarəti nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azad edildi.
Deməli, düzgün yanaşma nəticəsində yüksək vətənpərvərlər ordusu yetişir və milli kimlikdən qaynaqlanan Vətən, yurd sevgisinin qayəsində dayanır. KONKRET.az məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynovun da fikirlərini öyrənib: “2020-ci ildə milli özünü dərkin inkişafı, xalqın birləşərək həmrəylik nümayiş etdirməsi, əməlliyatların gedişində dəmir yumruğa çevrilməsi hadisəsi yaşandı. Xalqın işğal faktı ilə razılaşmaması, torpaqları işğaldan azad etmək istəyi böyük qələbəyə gətirib çıxartdı. Milli kimlik bu gün müasir beynəlxalq münasibətlər sistemində sosiologiya və fəlsəfədə də tədqiqat mövzusudur. Hər bir dövlət öz milli kimliyini, milli şüuru, özünü dərki araşdırır və onu çağdaş dövrlə müqayisə edir. Qloballaşma şəraitində milli kimlik müəyyən qədər təhrif olunur və təzyiqlərə məruz qalır. Milli kimlikdən uzaqlaşaraq dünya insanını formalaşdırmaq məqsədləri qlobal imperalist qüvvələrin niyyətidir.
Azərbaycanda milli kimliklə paralel vətənpərvərlik hislərinin və duyğularının aşlanması yüksək səviyyədədir. Keçirilən bir sıra tədqiqatlar və sorğuların da nəticələri göstərir ki, Azərbaycan xalqı dünyada ən vətənpərvər xalqdır. Region və qlobal miqyasla müqayisədə gənclərin tariximizi gözəl bilməsi onların doğma yurda olan sevgisindən irəli gəlir. Deməli, Azərbaycan gəncinin vətən eşqi ilə yaşaması, Vətən sevgisini ürəyində daşıması təsadüfi deyil. Vətən müharibəsində gözünü qırpmadan canını fəda edən gənclər düşməni darmadağın etdi. Məhz onların fədakarlığı və qəhrəmanlığı sayəsində biz bu gün azad Şuşada, azad Laçında və digər bölgələrimizdə quruculuq işləri apara bilirik.
Milli kimliklə vətənpərvərlik arasında müəyyən fərqlər olsa da, bunlar ümumi vəhdət təşkil edir. Bu isə xalqımızın, dövlətimizin ideoloji istiqamətidir”.
Hər hansı dövləti parçalamaq, sarsıtmaq, onun nüfuzunu aşağı salmaq üçün vətənpərvərlik hislərinin aradan qaldırılması və milli kimliyin unutdurulması prosesi gedir. Lakin Azərbaycan dünyada gedən qlobal trendlərə uyğun olaraq fəaliyyətini tənzimləyir”.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusuna uyğun olaraq dərc edilir.

