Məlum olduğu kimi, VII çağırış Milli Məclisin ilk iclası keçirilib və müvafiq postlara seçkilər baş tutub. Belə ki, səsvermə nəticəsində namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Sahibə Qafərova parlamentə rəhbərlik edəcək.
KONKRET.az köhnə/yeni spikerin dosyesini təqdim edir:
Sahibə Əli qızı Qafarova 19 mart 1955-ci ildə Şəmkir şəhərində anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.
2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.
2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin “Fulbrayt Skolarşip” proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
2010–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2015–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədr müavini vəzifəsində çalışıb.
2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.
2015–2017 Avropa Şurası Parlament Assambleyasının “Zorakılıqdan azad qadınlar” parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Sədri vəzifəsində çalışıb, Büro üzvü olub.
2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Hal-hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dan çox elmi məqalənin müəllifidir.
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən Sahibə Qafarova yenidən deputat seçilib.
Ailəlidir, 2 övladı var.
Məlik Məlikov,
KONKRET.az