Milli Məclisin deputatından Putinə sual: “Niyə belə edirsiniz?!”backend

Milli Məclisin deputatından Putinə sual: “Niyə belə edirsiniz?!”

Azərbaycanın qalib dövlət kimi ilk dəfə olaraq Moskvada keçirilən üçtərəfli görüşə qatılması həm beynəlxalq sferanın, həm də regionun diqqət mərkəzində idi. Həmişə sərsəm çıxışlarla yadda qalan Ermənistan rəhbəri gərəksiz siyasi fiqura dönmüşdü.

Təbii, Moskva görüşündə daha önəmli məsələlər vardı ki, Qarabağa qayıdışın məğzini təşkil edirdi. Üçtərəfli görüş zamanı Rusiya prezidenti Vladimir Putinin 48 mindən çox əhalinin Dağlıq Qarabağa qayıtdığını deməsi xeyli sualların cavabsız qaldığını ortaya qoyur. Rusiya prezidenti ya bilərəkdən, ya da unutduğundan azərbaycanlı köçkünlərin qayıdışından danışmayıb.

Sual olunur: azərbaycanlıların Xankəndi, Xocalı və Dağlıq Qarabağın sülhməramlıların nəzarətindəki digər bölgələrə qayıdışı üçün nə edilməlidir? Bu qayıdışı nə zaman gerçəkləşdirilməlidir? 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, həmin ərazilərdə bizim yaşayışımız mütləq təmin olunacaq: “Bizi Dağlıq Qarabağa nə Rusiya, nə də digər dövlət qaytaracaq. Bizi Azərbaycan dövləti öz gücü, öz iradəsi ilə qanuni haqqından istifadə edib doğma yurd-yuvamıza qaytaracaq. Bizim orada yaşayışımız təmin olunacaq”.

KONKRET.az xəbər verir ki, Elman Məmmədov qısa olaraq Moskva görüşünü də şərh edib:

“Moskva görüşündə masa ətrafında əyləşən üç nəfərin davranışı diqqət çəkdi. Qalib tərəf İlham Əliyev idi. Məğlub tərəf olan Paşinyanın yuxulu halı isə gülməli idi. Hər halda məğlubiyyətin gətirdiyi vəziyyət ortada idi. Gah çantasını əlləşdirirdi, gah da o tərəf-bu tərəfə döyüküb boylanırdı. Bu, Azərbaycan üçün qürurverici məqamdır”.

Xocalıdan olan deputat deyir ki, həm özünün, həm də deputatı olduğu dairənin insanları adından Rusiya prezidenti Vladimir Putinə ünvanlanan bir neçə sualı var:

“Moskva görüşü gələcək perspektivlər, görüləcək işlər, nəqliyyat dəhlizlərinin yaradılması üçün lazımlı görüş idi. Amma görüş zamanı Vladimir Putin 48 mindən artıq insanın öz doğma yurd-yuvalarına qaytarıldığını bildirdi. Deyildi ki, Rusiya tərəfindən 800 mindən artıq tikinti materialı bərpa işləri üçün Qarabağa  göndərilib. Qarabağ əhalisinin təminatı üçün 1,5 milyon tondan artıq humanitar yardım daşınıb. Burada maraqlı bir məsələ var: Dağlıq Qarabağdan, Xocalıdan olan məcburi köçkün, soyqırımına məruz qalmış biri kimi hörmətli Vladirmir Putindən soruşuram, çünki Dağlıq Qarabağdan olan bütün insanlar bu məsələdə maraqlıdır:

Yaxşı, 28 ildən artıqdır ki, ermənilər tərəfindən yurd-yuvamızdan didərgin salınmışıq. Bizim qayıdışımız üçün bir həmsədr dövlət olaraq daşı-daş üstünə qoymamısınız. Bəlkə bizi doğma yurd-yuvamıza qaytarmısınız?! Xeyr. Cəmi 10-15 gün ərzində özlərinin günahı üzündən evlərindən çıxıb qaçmış erməniləri hay-həşirlə qaytarıb Qarabağa yığırsınız. Əgər söhbət Qarabağda zərər çəkmiş əhaliyə yardımdan, o 1,5 milyon ton humanitar yardımdan gedirsə, bəs o humanitar yardımdan bu 28 il ərzində sizin 366-cı motoatıcı alayınız vasitəsilə evindən qaçqın düşən bizə niyə bir qəpik yardım  etməmisiniz?!

44 günlük müharibə dövründə Ağdamın, Goranboyun, Tərtərin, Gəncənin, Ağcabədinin, Beyləqanın dinc əhalisini bombardman etdilər, ensanların ev-eşiyini viran qoydular. Erməniyə etdiyiniz humanitar yardımdan adını çəkdiyim rayonların insanlarına edirsinizmi? Təəssüf ki, yox. Yardımlarınız yalnız Qarabağda yaşayan ermənilərə ünvanlanıb. Bu da həmsədr dövlətin bütövlüyünə xələl gətirir”.

Elman Məmmədovun sözlərinə görə, Qarabağda sülhün nizamlanmasını həyata keçirən Rusiya birtərəfli olmamalıdır:

“Deməyim odur ki, vasitəçisənsə, birtərəfli olma. Axı Qarabağda darmadağın olmuş qondarma rejimin “prezidenti” hələ də orada fəaliyyət göstərir. Sizin orada olan sülhməramlılarınızın bütün rəhbərliyi onlarla görüşməkdə, öpüşməkdə, oturub-durmaqdadır. Axı onlar cinayətkardır. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar elan olunub. Onlara cinayət işi açılıb, beynəlxalq axtarışa verilib. Niyə belə edirsiniz?! Sizin gözünüzün qabağında Dağlıq Qarabağda Ermənistan qoşunlarının silahlı dəstələri qalmaqdadır. Bunları niyə silahsızlaşdırmırsınız?!Niyə o qoşunlar Azərbaycan ərazisindən çıxarılmır?! Bunu siz etməli idiniz. Sülhməramlı kimi sizin missiyanıza aiddir.  Laçın dəhlizi sizin nəzarətinizdədir. Təəssüf ki, Laçın dəhlizində Ermənistanla eni 5 km olan əraziyə də siz nəzarət edirsiniz. Hələlik biz nəzarət etmirik. Belə məsələlər var və bu cür müəmmalı davranışlar meydana çıxır. İnanıram ki, o silahlı tör-töküntünü ərazilərimizdən biz təmizləyəcəyik”. (pravda.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*