Dünyanı ağuşuna alan koronavirus pandemiyası bütün dünyanı birləşdirir. Düşmən dövlətlər bir-birinə barış əli uzadır, köməklik göstərir. Biz də isə hər şey əks istiqamətdə inkişaf edir. Xalqın, dövlətin düşdüyü çətinlikləri toy-bayram kimi qeyd edən bəzi soydaşlarımızın “çiçəyi çırtlayır. Yəqin ki, söhbətin kimlərdən getdiyini tutdunuz…
Bəli, söhbət məhz özünü “Milli şura” adlandıran qeybətxana iştirakçılarından gedir. Vallahi bu insanların sərgilədiyi mövqe milliliklə heç cür uzlaşmır. Bu yaşıma qədər müxalifət də gördüm, fikir müxtəlifliyi də. Ancaq xalqın düşdüyü çətin vəziyyətə sevinən “müxalifət”ə rast gəlmədim. Biz niyə bu günə düşdük axı?!…
Burdadamı erməni barmağı var?! Nə bilim, Vallah!… Görünür bunları da yaşamaq qismətimizdə varmış… Nə isə. Qayıdıram Milli şuranın sevinclə bayram etdiyi məsələyə… Bu yaxınlarda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 14 ABŞ dollarına qədər ucuzlaşmışdı. Həmin günlərdə Milli Şuranın videotoplantısında Gültəkin Hacıbəyli sevinclə həmfikirlərini təbrik edir edir. Hətta Cəmil Həsənlidən bu münasibətlə xüsusi hədiyyə gözlədiyini deyir. Cəmil bəy də deyir ki, “…hə, neftin qiyməti bir az da düşsə, hədiyyə barədə düşünmək olar”…
Bu nə şadyanalıqdır? Bu nəyin təntənəsidir? Neftin qiymətinin aşağı düşməsi Azərbaycanda kimin xeyrinə ola bilər ki?! Büdcə gəlirlərinin 70-80- faizi neft gəlirlərindən asılı olan ölkədə ixrac qiymətlərinin aşağı düşməsi kimlərin işinə yarayır ki? Desəm ki, ermənilərin… deyəcəksiniz ki, bunu biz də bilirik…
Bəs Milli Şura üzvləri niyə buna sevinir, papaq atırlar?! Bax bunu heç cür anlaya bilmirəm. Baxmayaraq ki, onların qarnının dərdini yaxşı bilirəm. Dava yorğan davasıdır. Bu adamlar hakimiyyət istəyirlər. Hakimiyyətə gəlişlərində isə ən böyük əngəl Azərbaycan xalqını görürlər. (iqtidarı yox). Bu nifrətin kökü isə 27 il əvvələ gedir.
O zaman Azərbaycan xalqı AXC-Müsavat hakimiyyətini siyasi səhnədən bir dəfəlik silib atdı. Lakin o vaxtkı hakimiyyətin bəzi tör-töküntüləri üzlərinə üz çəkib küncdə-bucaqda qaldı. İndi də bu tör-töküntülər antiazərbaycan mövqeyindən çıxışlarını davam etdirir. Bu qisasçılıq prizmasından baxanda o adamların bugünku mövqeyini başa düşürəm. Amma bu düşmənçilk mövqeyi “milli” sözü ilə qətiyyən uyuşmur axı. Çünki millətçi olan xalqla yox, iqtidarla müxalifətdə olur. İqtidara layiqli müxalifət isə hər zaman xalqa arxayın olur, xalqla birgə nəfəs alır. Özünü müxalifət adlandıran Milli Şura üzvlərinin neftin qiyməti ilə bağlı sevinci bu mənada hakimiyyətə müxalif mövqedən daha çox Azərbaycan xalqına düşmənçilik hisslərinin təcəssümü təsiri bağışlayır…
Surxay Atakişiyev,
KONKRET.az
