“Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında bugünkü ikitərəfli danışıqlardan hər hansı irəliləyiş və ya sensasiya gözləmək lazım deyil”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni teleqram kanallarından birinin analitik yazısında bildidilir. Həmin yazının bir hissəsini təqdim edirik: “Moskvanın sülh prosesinə mane olmaq məqsədi yoxdur, xüsusən də ABŞ prezident administrasiyasının israrla izlədiyi istiqamətdə gedən proseslər rusları qane edir. Bu gün Moskvanın marağı regional məsələlərin mümkün eskalasiyaya doğru inkişaf etməməsi və geosiyasi status-kvonun qorunub saxlanmasıdır. Bu, ilk növbədə, Ermənistanda kommunikasiyaların bloklanması, Rusiya hərbi bazasının saxlanılması və Rusiya Federasiyası FTX Sərhəd Qoşunlarının mövcudluğu müzakirə edilərkən İran və Rusiyanın maraqlarının nəzərə alınması deməkdir.
Eyni zamanda, ən azı, Aİ-nin Ermənistandakı missiyasının funksionallığının və həcminin genişləndirilməməsi və Moskvanın NATO nümayəndələri kimi qəbul etdiyi BMT sülhməramlılarının meydana çıxması ilə bağlı danışıqların dondurulmasıdır. Çox güman ki, ABŞ Dövlət Departamenti indiki mərhələdə çox az şeylə – yaxın gələcəkdə Qərb “çətiri” altında, lazımsız kəskin hərəkətlər olmadan Ermənistan-Azərbaycan sülhünün imzalanması ilə kifayətlənməyə hazırdır.
ABŞ Demokratik Partiyası komandasının indi ehtiyac duyduğu hər şey proqnozlaşdırıla bilən pozitivlikdir. Onun rəqibi isə əksinə, Bayden-Harris hökumətinin, o cümlədən Cənubi Qafqazdakı fiaskosunu görmək istərdi. Putinin Cənubi Qafqaz üzrə hazırkı missiyası paradoksal olaraq Harris və Blinkenin istəkləri ilə üst-üstə düşür – Əliyev və Paşinyanı qəfil hərəkətlərdən qorumaq. Putin üçün daha vacib məsələ İran prezidenti Məsud Pezeşkianla oktyabrın 11-də Aşqabadda aparılacaq danışıqlardır. O, ümumiyyətlə, bugünkü görüşlərin taleyini artıq əvvəlcədən müəyyənləşdirib – dünən Ərdoğanla artıq bu məsələləri danışıb”.
Natiq Səlim,
KONKRET.az